Naxçıvan Dövlət Milli Dram Teatrı teatr mövsümünü başa vurub -

Naxçıvan Dövlət Milli Dram Teatrı teatr mövsümünü başa vurub - FOTO

28 İyun 2026

Naxçıvan Dövlət Milli Dram Teatrı 2025–2026-cı il teatr mövsümünü "Hamlet" tamaşası ilə başa vurdu.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 2025–2026-cı il teatr mövsümünün son tamaşası olaraq Uilyam Şekspirin "Hamlet" əsəri əsasında hazırlanmış eyniadlı tamaşanı teatrsevərlərə təqdim edib.

Tamaşadan əvvəl çıxış edən teatrın direktor müavini, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti Səməd Canbaxşiyev mövsüm ərzində teatrın fəaliyyəti barədə ətraflı məlumat verib. Bildirilib ki, 2025–2026-cı il mövsümündə teatr yeni səhnə əsərlərini tamaşaçılara təqdim etməklə yanaşı, ölkədaxili və beynəlxalq layihələrdə, festivallarda uğurla təmsil olunub, qastrol səfərləri həyata keçirib və bir sıra mədəni əməkdaşlıqlara imza atıb.

Qeyd olunub ki, teatr yaradıcı ənənələrini qorumaqla yanaşı, klassik və müasir dramaturgiyanın nümunələrini səhnələşdirərək repertuarını daha da zənginləşdirib. Mövsüm ərzində keçirilən tədbirlər və beynəlxalq festival iştirakları kollektivin peşəkarlığını bir daha nümayiş etdirib.

Çıxışdan sonra nümayiş olunan "Hamlet" tamaşası tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb. Bununla da C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı 2025–2026-cı il teatr mövsümünü uğurla yekunlaşdırıb.