Naxçıvanlı rəssamlar beynəlxalq sulu boya festivalında iştirak ediblər - FOTO
12–14 iyun tarixlərində Bakı şəhərində “Xəzər dalğaları 2026” adlı beynəlxalq sulu boya rəsm festivalı keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" -nin məlumatına görə, festivalda dünyanın 8 ölkəsindən 30-dan çox rəssam iştirak edib. Naxçıvan Muxtar Respublikasını tədbirdə Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Sabir Məmmədov və Azərbaycan Rəssamlar İttifaqının üzvü Həbib Allahverdiyev təmsil ediblər.
Festival çərçivəsində iştirakçıların əsərlərindən ibarət sərgilər Azərbaycan Milli İncəsənət Muzeyi və Xətai Sənət Mərkəzində nümayiş olunub.
Tədbir proqramına uyğun olaraq rəssamlar həmçinin İçərişəhər və Quba şəhərinin tarixi və mədəni məkanları ilə tanış olub, açıq havada etüdlər hazırlayıblar.
Festivalın sonunda iştirakçılara sertifikatlar təqdim olunub. Tədbir müxtəlif ölkələrdən olan rəssamlar arasında yaradıcılıq əlaqələrinin genişləndirilməsinə və sulu boya sənətinin təbliğinə töhfə verib.












