Beş ilin zirvəsindən Şuşa Bəyannaməsinə baxış
Azərbaycan - Türkiyə qardaşlığının, dostluğunun və müttəfiqliyinin təsdiqi olan Şuşa Bəyannaməsinin imzalanmasının beş ili tamam olur. Aradan keçən beş il göstərdi ki, bu sənəd təkcə iki qardaş ölkə arasında əməkdaşlıq sazişi deyil, həm də regionun siyasi, iqtisadi və təhlükəsizlik arxitekturasına təsir edən strateji müttəfiqlik manifestidir. Şuşa Bəyannaməsi Azərbaycan - Türkiyə münasibətlərinin keyfiyyətcə yeni bir mərhələyə – strateji müttəfiqlik səviyyəsinə qalxmasını şərtləndirən tarixi sənəddir.
2021-ci il iyunun 15-də Azərbaycan Prezidenti Cənab İlham Əliyev və Türkiyə Prezidenti Cənab Rəcəb Tayyib Ərdoğan tarixi Şuşa şəhərində siyasi-hüquqi, hərbi-geostrateji Bəyannamə imzaladılar. Şuşa Bəyannaməsi Azərbaycan üçün vacib bir gündə – 15 iyun Milli Qurtuluş Günündə və Qars müqaviləsindən (1921, oktyabr) yüz il sonra iki dost və qardaş dövlət arasında imzalanan sarsılmaz müttəfiqlik münasibətlərinin təzahürü idi.
Şuşa Bəyannaməsinin 15 iyun Milli Qurtuluş Günündə imzalanması təsadüfi deyildi. Bu tarix Azərbaycan dövlətçiliyinin möhkəmlənməsini və milli birliyin bərpasını simvolizə edir. Bəyannamənin məhz həmin gündə imzalanması Azərbaycan və Türkiyə arasındakı qardaşlıq və müttəfiqlik münasibətlərinin dövlətçilik ənənələri üzərində qurulduğunu nümayiş etdirmişdi. Beləliklə, sənəd həm siyasi, həm də tarixi baxımdan xüsusi əhəmiyyət qazanmışdı.
Şuşa Bəyannaməsi strateji və hərbi-təhlükəsizlik məzmunlu siyasi-tarixi əhəmiyyət daşıyır. Bu sənədin arxasında sadəcə diplomatik münasibətlər deyil, ortaq tarix, milli maraqlar, siyasi iradə və gələcək inkişaf strategiyası dayanırdı.
Bəyannamənin siyasi-fəlsəfi əhəmiyyəti Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” və Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamları ilə xarakterizə olunmasındadır. Ulu Öndər Heydər Əliyev Şuşanın Azərbaycan üçün nə dərəcədə əhəmiyyətli olduğu haqqında demişdi: “Şuşa Azərbaycanın ən əziz və böyük tarixi olan bir guşəsidir. Şuşanı quranlar, yaradanlar, Şuşa qalasını tikənlər Azərbaycan torpağının sahibləri olublar və Qarabağda Azərbaycan torpağının daim qorunması, saxlanması üçün Şuşa şəhərini, qalasını yaradıblar… Bu böyük tarixi abidədir”.
Bəyannamənin siyasi əhəmiyyəti Azərbaycan–Türkiyə əlaqələrini pik zirvəsinə yüksəltdi və əməkdaşlıqda ən yeni bir mərhələnin başlanğıcına əsas yarandı.
Sənədin ən strateji bəndlərindən biri hərbi təhlükəsizliklə bağlıdır. Bəyannaməyə əsasən: Üçüncü bir dövlət tərəfindən hər hansı birinin müstəqilliyinə və ya ərazi bütövlüyünə təhdid yaranarsa, tərəflər bir-birinə hərbi yardım göstərəcəklər. Bu müddəa faktiki olaraq Türkiyə və Azərbaycan ordularının vahid bir güc kimi hərəkət etməsinin hüquqi bazasını yaratdı. İki ölkənin Silahlı Qüvvələrinin müasir tələblərə uyğun yenidən qurulması və birgə hərbi təlimlərin intensivləşməsi bu bəndin birbaşa nəticəsidir. Birgə məsləhətləşmələr, hərbi təlimlər, müdafiə sənayesi sahəsində əlaqələr və yeni texnologiyalar üzrə əməkdaşlıq müttəfiqlik münasibətlərinin praktik məzmununu göstərir. Bu baxımdan müttəfiqlik münasibətləri amili sənədin ümumi ruhunu tamamlayan mühüm istiqamətlərdən biridir.
Şuşa Bəyannaməsinin hədəfi Bakı və Ankaranın ortaq “yol xəritəsi”nin yenilənməsidir. İki dövlət bir daha qonşu Ermənistanı barışıq və əməkdaşlığa səslədi, bölgədə geoiqtisadi inteqrasiyaya mane olmamağa və müharibə planlarından imtina etməyə çağırış etdilər. Rəcəb Tayyib Ərdoğan vurğuladığı kimi: “Bakı və Ankara Şuşa Bəyannaməsini imzalamaqla qarşıdakı dövrdə ikitərəfli münasibətlər üçün yol xəritəsini müəyyənləşdirdi”.
Bəyannamədə əksini tapan və iqtisadi inkişafa təkan verəcək məsələlərdən biri də ölkələrin qarşılıqlı surətdə investisiya qoyuluşlarını həyata keçirməsindən, habelə bu sahədə strateji məqsədlərin olmasından ibarətdir. Qarşılıqlı investisiya qoyuluşları ölkələrin iqtisadiyyatının sürətli inkişaf etməsinə, zəruri sahələrin genişləndirilməsinə, strateji sahələrin daha da təkmilləşdirilməsinə şərait yaradır, inteqrasiyanı dərinləşdirir.
Şuşa Bəyannaməsində mühüm hədəflərdən biri də Azərbaycan–Türkiyə münasibətləri kontekstində bölgənin və Türk dünyasının gələcək yolunun başlanğıcıdır. Azərbaycan və Türkiyə arasındakı müttəfiqlik yalnız iki ölkənin maraqlarına xidmət etmir. Bu əməkdaşlıq Cənubi Qafqazda sabitlik, nəqliyyat-kommunikasiya xətlərinin açılması, iqtisadi əlaqələrin genişlənməsi və xalqlar arasında etimad mühitinin formalaşması baxımından da böyük əhəmiyyət daşıyır.
Şuşa Bəyannaməsinin ən mühüm cəhətlərindən biri də onun regional sülh anlayışına verdiyi töhfədir. Sənəd əməkdaşlığı qarşıdurma deyil, qarşılıqlı fayda və sabitlik üzərində qurulan gələcək kimi təqdim edir.
Beş il keçsə də, Şuşa Bəyannaməsi öz aktuallığını qoruyaraq regionda formalaşan yeni güc mərkəzlərinin və strateji ittifaqların əsas dayaqlarından biri olaraq qalır. Bu sənəd Azərbaycan və Türkiyənin yalnız ikitərəfli münasibətlərini deyil, bütövlükdə Cənubi Qafqazda təhlükəsizlik, əməkdaşlıq və siyasi sabitlik arxitekturasını yenidən müəyyənləşdirən mühüm geosiyasi akt kimi çıxış edir. Şuşada atılan bu addım zaman keçdikcə daha aydın göstərir ki, imzalanan sənəd keçmişin deyil, gələcəyin konturlarını cızan bir siyasi yol xəritəsidir.
Asəf ORUCOV
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı








