Aktyor, teatr və mədəniyyət xadimi Məmməd Hümbətov -80
Məmməd Hümbətov (Mamed Hümbətov, Mamed müəllim) bu insanı nəinki Naxçıvan, Azərbaycan mədəniyyətində çalışan orta və yaşı nəslin nümayəndələri yaxşı tanıyır. Tanımayanlar isə ya bu sahəyə təsadüfən gələnlər, ya da yaşı gənc olanlardır.
Bəs kimdir Məmməd Hümbətov? O, 1946-cı il iyun ayının 14-də Şahbuz rayonun Külüs kəndində anadan olub. 2002-ci ildə nəşr edilən “Naxçıvan ensklopediyası”nda onunla bağlı məqalədə oxuyuruq: “Aktyor, mədəniyyət və teatr xadimi. Azərbaycan Respublikasının əməkdar mədəniyyət işçisi. 1964-cü ildən Naxçıvan Dövlət Musiqili Dram Teatrında işləyib. 1970-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dram-kino aktyorluğunu bitirib.1971-ci ildən 1978-ci ilə qədər Naxçıvan şəhər 1 saylı mədəniyyət evinin, 1978-ci ildən 1985-ci ilə qədər “Araz” mahnı və rəqs ansamblının, 1985-ci ildən 1997-ci ilə qədər Naxçıvan Dövlət Filarmoniyasının rəhbəri olub, 1997-ci ildən isə Naxçıvan Dövlət Musiqili Dram Teatrının direktorudur ”.
Mamed müəllim (dilimizə belə yatdığı və bu adla daha çox tanındığı üçün Məmməd Hümbətovu bundan sonra arada belə yazacağam) 2004-cü ilə qədər Naxçıvan Teatrının direktoru işlədi. Həmin vaxt isə yaradıcı və inzibati fəaliyyətində heç bir qüsur olmadığı halda, qərəzli şəkildə işindən uzaqlaşdırıldı. Özü də heç vaxt bu məsələdən danışmazdı və ya giley etməzdi. Çünki burada işdən çıxarılandan sonra Bakıda fəaliyyət göstərən “Yaşıl teatr”da öz yaracılığını uğurla davam etdirirdi. Bilirsiniz niyə? Bu cür insanlar uçün süni əngəllər əksinə həyatdan daha möhkəm tutmaq üçün stimul və güc qaynağıdır.
Bu il 80 yaşı tamam olan Məmməd Hümbətovun bir insan kimi hərtərəfli erudisiyaya malik olmasından, insanlarla münasibət qurulmasında bir psixoloq ustalığından, mədəniyyətə olan sevgisindən danışmaq istəyirəm. Biz çox vaxt qəhrəmanları nağıllarda, əfsanələrdə axtarırıq. Ancaq reallıqda onların gözümüzün önündə hər gün gördüyümüz insanlar olduğuna inanmaq istəmirik. Mamed müəllim də bir əfsanə idi.
Mamed müəllimi mən 1997-ci ildə Naxçıvan Dövlət Musiqili (indi Milli) Dram Teatrına direktor təyin ediləndən sonra daha yaxından tanıdım. Müstəqilliyimizin ilk illərində (1991-97-ci illəri nəzərdə tuturam) bu teatr demək olar ki, “yaşamaq uğrunda mübarizə aparırdı”. Tamaşaların sayı azalmış, ən yaxşı aktyorlar uzaqlaşmış, repertuarda günlə ayaqlaşmayan tamaşalar sanki “mürgüləyridi”. Teatrda yaradıcılıq daha çox Türkiyənin yaxın bölgələrinə aparılan “Arşin mal alan”, “Məşədi İbad” kimi komediyaların hesabına “ayaqda qalırdı”.
Lakin Mamed müəllim bu teatra direktor təyin ediləndən sonra birinci növbədə Rövşən Hüseynov, Rza Xudiyev, Əbülfəz İmanov kimi aktyorları, eyni zamanda gənc, bacarıqlı xanım aktrisaları dəvət etdi. Yeni, müasir tamaşaların hazırlanması üçün münbit şərait yaratdı. Nəticədə az bir zamanda Naxçıvan Teatrında bir canlanma başladı. Hətta iki tamaşanın paralel məşqləri olurdu. Eyni zamanda Bakıdan, Sumqayıtdan təcrübəli rejissorlar: Mərahim Fərzəlibəyov, Yusif Əliyev, Vaqif Əsədov, Vaqif Azəryar və başqaları dəvət edilərək tamaşalar quruldu. Naxçıvan aktyorlarının potensialı yenidən üzə çıxdı və teatr uğurlu tamaşalar qazandı.
Eyni zamanda Teatrın təmiri də aparılaraq interyerdə yenilənmələr oldu. O zaman evi olmayan ailəli və uzaqdan gələn aktyorların qalması üçün 6 otaqdan ibarət yataqxana da təşkil etmişdi Mamed müəllim. Təbii ki, bunlar dövlət tərəfindən göstərilən qayğı idi, amma etiraf edək ki müəssisə, təşkilatıın yaxşı rəhbəri bu məsələləri müəyyən qurumların qarşısında cəsarət və məntiqlə qaldıranda öz həllini də tezliklə tapır.
Düzdür, Məmməd Hümbətov Naxçıvan Filarmoniyası üçün də çox işlər görmüşdü. Hətta Türkiyə, Polşa, İsveçrə kimi Avropa ölkələrinə qastrol səfərləri də təşkil etmişdi. Dram teatr üçün etdikləri indiyədək gördüyü işlərin məntiqi davamı idi. Çünki onun sənətə sevgisi dram teatrdan başlamışdı. Hətta “Naxçıvan Teatrının salnaməsi:1883-2008” kitabında 1960-cı illərdə onun teatrda oynadığı rollar haqqında məlumatlar da yer alıb. 1965-ci ildə səhnəyə qoyulan C. Məmmədqulzuadənin “Anamın kitabı”nda Hüseyn Şahid, Fiqereydonun “Ezop”unda Həbəş, Məhərrəm Əlizadənin “”İki könül bir olsa” əsərində rejissor assistenti olub, eyni zamanda Provodnik obrazını, Azərbaycan teatr məkanında ilk dəfə Naxçıvanda tamaşaya qoyulan Əziz Nesinin “Toros canavarı”nda Mətin və başqa rolları Məmməd Hümbətov uğurla oynayıb. Xalq artisti, Prezident təqaüdçüsü Rövşən Hüseynov onun “Ezop” əsərində oynadığı Həbəş rolunun uzun zaman teatrda müzakirələrə səbəb olduğunu qeyd edir. “Çünki Mamed müəllim elə bir qrim eləmişdi ki, səhnəyə çıxanda tamaşaçılar doğurdan da aktyor kimi qara bir həbəşin gəldiyini zənn etdilər”.
Mamed müəllim 1997-ci ildə Naxçıvan Teatrının kollektivini ilk dəfə olaraq Türkiyəyə rəsmi qastrol turnesinə çıxardı. Kollektiv Qars, Trabzon, Ankara şəhərlərində “O olmasın, bu olsun ” komediyası ilə geniş tamaşaçı kütləsi, rəsmi məqamlar qarşısında uğurla çıxış etdi. İranın Təbriz, Maku, Urmiya şəhərlərində “Nadir şah” faciəsi oynanıldı. H. Arzulunun “Arzum çin oldu” komediyası isə Bakı şəhəri də daxil olmaqla ölkənin 38 rayonunun teatrsevərlərinə təqdim edildi. Bundan başqa “Nadir şah”, “Beş manatlıq gəlin” kimi tamaşaları da ölkənin paytaxt tamaşaçıları izlədilər.
Məmməd Hümbətov sözün əsl mənasında təşkilatçılığı bacaran bir sənət ustası idi. Teatr kollektivinin inkişafı uçün gördüyü işlər, adamlarla münasibətdə sərgilədiyi maneralar sanki bir məktəb idi.
Mehriban, hər kəslə dil tapmağa bacarmaq, ünsiyyətində səmimilk, eyni zamanda öz işini peşəkar səviyyədə bilməsi nəinki Naxçıvanda, ölkə səviyyəsində, istər mədəniyyət adamları, istərsə də cəmi bir dəfə söhbət etdiyi digər sahələrin adamlarının sevimlisinə çevirirdi onu.
Öz işgüzarlığı, çevikliyi, təşkilatçı ustalığı ilə sanki bir yerdə qərar tuta bilmir, intensiv həyat tərzi keçirir, bir gündə neçə-neçə təşkilata, müəssisəyə baş çəkib teatrın qayğılarını həll edirdi. Məşhur bir sözü vardı: “Mənim xəstələnməyə vaxtım yoxdur...”
...2020-ci ilin soyuq noyabr ayında şok xəbər teatrda hamını sarsıtdı: Məmməd Hümbətov rəhmətə gedib. Ondan öyrənməli çox şeylər var idi: təşkilatçılıq, mədəniyyətə sevgi, səmimiyyət və ən əsası insanlarla münasibət qurma bacarığı.. Məncə bu sonuncu hələ də çoxlarımız üçün problemdir.
Allah rəhmət eləsin!
Səməd CANBAXŞİYEV
Aktyor- jurnalist














