Naxçıvanda bal süzümünə başlanılıb, məhsuldarlıq yüksək qiymətləndirilir - FOTO
Naxçıvanda bal süzümü mövsümünə start verilib. Muxtar Respublikanın müxtəlif yaşayış məntəqələrində fəaliyyət göstərən arıçılar ilk bal məhsulunu əldə edərək süzüm işlərinə başlayıblar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, arıçıların sözlərinə görə, bu il müşahidə olunan əlverişli hava şəraiti, yaz və yay aylarında yağıntıların kifayət qədər olması, eləcə də zəngin çiçək örtüyü arı ailələrinin inkişafına müsbət təsir göstərib. Nəticədə bal məhsuldarlığının ötən illərlə müqayisədə daha yüksək olacağı gözlənilir.
Hazırda təsərrüfatlarda bal süzümü mərhələli şəkildə davam etdirilir. Təbii şəraitdə əldə olunan balın yüksək keyfiyyəti, özünəməxsus dadı və təbii xüsusiyyətləri ilə seçildiyi bildirilir.
Qeyd edək ki, Naxçıvanda arıçılıq kənd təsərrüfatının inkişaf edən sahələrindən biri olmaqla yanaşı, həm yerli bal istehsalının artırılmasına, həm də əhalinin məşğulluğunun təmin edilməsinə mühüm töhfə verir. Arıçılar mövsümün sonunadək bol və keyfiyyətli bal məhsulu əldə edəcəklərinə ümid edirlər.



















