Ceyhun Bayramov Tokayevə Prezident İlham Əliyevin adından təşəkkür edib

Ceyhun Bayramov Tokayevə Prezident İlham Əliyevin adından təşəkkür edib

11 Mart 2025

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasından sonra göstərilən təcili yardıma görə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə Azərbaycan Prezidenti İlham Əliyevin adından təşəkkür edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" Akordaya istinadən xəbər verir ki, Ceyhun Bayramov Astanaya səfəri çərçivəsində qazaxıstanlı liderlə görüşü zamanı Prezident İlham Əliyevin və bütün Azərbaycan xalqının adından təşəkkürünü çatdırıb.

C.Bayramov həmçinin səmimi qəbula görə təşəkkürünü bildirib. O, Azərbaycanla Qazaxıstan arasında ikitərəfli münasibətlərin dinamik inkişaf etdiyini vurğulayıb.

Xatırladaq ki, AZAL-ın Bakı-Qroznı reysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i ölüb, 29-u sağ qalıb.

İlkin məlumatlara görə, təyyarə fiziki və texniki kənar müdaxilə nəticəsində qəzaya uğrayıb.