Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək

Ceyhun Cəlilov: Naxçıvanın zəngin mineral resursları dağ-mədən sənayesinin inkişafına təkan verəcək

05 Oktyabr 2026

Muxtar respublikada sənayenin ÜDM-dəki çəkisi 11 faizdir. Cari ilin 8 ayı ərzində 366 milyon manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin müvafiq dövründən təxminən 5 faiz artıqdır. İstehsal olunan sənaye məhsulunun 84 faizi qeyri-dövlət, 83 faizi isə emal sektorunun payına düşür. Sənayeyə cari ildə 66 milyon manat investisiya qoyulub. Bu, ötən ilin müvafiq dövründəkindən 3 dəfə çoxdur. Sənayenin inkişafı istiqamətində əsas prioritet 310 hektar sahəsi olan, ölkədə sahəsinə görə ikinci böyük sənaye parkı sayılan Naxçıvan Sənaye Parkının qısa müddətdə istismara verilməsidir. Təbii ki, muxtar respublikada başlıca istiqamətlər - aqrar və yeyinti sənayesi, dağ-mədən, yüngül sənaye, tikinti materialları, kimya və metallurgiya sahələridir. Məqsəd növbəti mərhələdə bu sahədə müəssisələrin qurulması və investisiyanın yönəldilməsinə nail olmaqdır.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu AZƏRTAC-a və AZTV-yə eksklüziv müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov bildirib.

Dağ-mədən sənayesinin potensialından danışan C.Cəlilov deyib:

“Bununla bağlı cənab Prezidentin rəhbərliyi ilə müşavirə keçirildi və bildirildi ki, Naxçıvanın mineral resurslar potensialı indiyə qədər əhatəli qiymətləndirilməyib. Ehtimal ondan ibarətdir ki, regionda zəngin resurslar var. İlkin olaraq, geoloqlar tərəfindən müvafiq siqnallar da əldə edilib. Xüsusilə qeyd etmək istəyirəm ki, Ortakənd qızıl yatağının ilkin həcmi müəyyənləşdirilib. Göydağ və Başkənd mis yataqları ilə bağlı ilkin məlumatlar əldə olunub. Lakin əhatəli geoloji kəşfiyyat işlərinin aparılmasına zərurət var. Nəsirvaz polimetal təzahür sahəsində də əlavə kəşfiyyat işləri aparılmalıdır. Eləcə də ötən iki il ərzində beynəlxalq qiymətləndiricinin cəlb edilməsi nəticəsində Parağaçay, Qapıcıq və Gümüşlü polimetal yataqlarının ilkin ehtimal olunan ehtiyatları nəzərə alınıb. Bu yataqların əhatəli geoloji kəşfiyyatından sonra zəngin ehtiyatların təsdiqlənəcəyi gözlənilir ki, bu da muxtar respublikada dağ-mədən sənayesinin inkişafına ciddi təkan verəcək”.