"Dövlət İnformasiya Sistemlərinin Diaqnostika Sənədi" razılaşdırma mərhələsindədir
Azərbaycanda "Dövlət İnformasiya Sistemlərinin Diaqnostika Sənədi" aidiyyəti dövlət qurumları ilə razılaşdırma mərhələsindədir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin baş idarə rəisi Azər Əhədov təmsil etdiyi qurumun təşkilatçılığı ilə Bakıda keçirilən "İnformasiya təhlükəsizliyi riskləri və onların idarə edilməsi" adlı tədbirdə bildirib.
Onun sözlərinə görə, bu sənəd dövlət qurumlarında informasiya təhlükəsizliyi vəziyyətinin diaqnostikası və vahid yanaşmanın tətbiqi üçün unikal mexanizmi özündə ehtiva edir: "Düşünürəm ki, yaxın zamanda xidmətin ərsəyə gətirilən bu sənədin təsdiq edilməsi bu sahədə ayrıca diaqnostikanın aparılması prosesinin sürətlənməsi ilə yanaşı, ümumi informasiya təhlükəsizliyinin qiymətləndirilməsinə öz töhfəsini verəcək".
Baş idarə rəisi əlavə edib ki, bu gün tətbiq edilən mexanizmlər yalnız risklərin qeydiyyatı ilə məhdudlaşmır: "Onlar ölkə səviyyəsində diaqnostikanın aparılmasına, fövqəladə və böhran vəziyyətlərində vahid qərar qəbul etmə proseslərinin formalaşmasına, eləcə də dövlət informasiya sistemlərinin rəqəmsal dayanıqlığının gücləndirilməsinə xidmət edir. Bu qısa müddətdə yanaşmanın ilkin müsbət nəticələri müşahidə olunmaqdadır ki, bu da seçilmiş modelin düzgünlüyünü təsdiq edir".









