EKO AKSİYA-nın yaddaşlarda qalan anları

EKO AKSİYA-nın yaddaşlarda qalan anları - Elşad Heydərov yazır

03 Yanvar 2026

2022-ci ilə əlvida deyib, böyük ümidlərlə 2023-cü ili Xankəndi–Laçın yolunun Şuşadan keçən hissəsində keçirilən “EKO AKSİYA”da qarşıladıq. 

Yeni ili Şuşada keçirməyin əvəzolunmaz bir duyğu olduğunu sözlə ifadə etmək mümkün deyil. Üstəlik, Vətən üçün son dərəcə önəmli bir missiyanı yerinə yetirərkən…

Soyuq və şaxtalı havanın hökm sürdüyü o günlərdə üşümürdük. Çünki hiss edirdik ki, bizimlə birlikdə Şuşa uğrunda canını fəda etmiş şəhid qardaşlarımızın ruhları da yanımızdadır.

İlk olaraq eko-aktivistlərdən söz açmaq istəyirəm. Əli silahlı Rusiya sülhməramlı kontingentinin əsgərlərinin qarşısında sipər kimi dayanaraq haqlı tələblərini qətiyyətlə dilə gətirirdilər. Hansı iştirakçıya yaxınlaşıb müsahibə alsaq, hamısı eyni mövqeni ifadə edirdi:

separatçı rejim Qarabağdakı faydalı qazıntı yataqlarını talamaqdan əl çəkənə qədər bu dinc aksiya davam edəcək.

Fərqli dillərdə səsləndirilən şüarlar isə konkret və qəti idi:

Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!

Ekoloji cinayətlərə son!

Azərbaycan milləti qoruyacaq sərvəti!

Ekosidə NET, monitorinqə DA!

Stop ekoside!

Bu ölkəmiz üçün olduqca önəmli aksiyada könüllü iştirak etmək istəyən tələbələrin də sayı az deyildi. Azərbaycanımızın sərvətlərini talayanlara “DUR” demək üçün gənclər fasiləsiz şəkildə Şuşaya axışırdı.

Könüllü tələbələrin gəldiyi günlərin birində avtobus aksiya meydanına çatanda biz – operatorlar da onları çəkməyə çalışırdıq. Elə bu zaman qulağıma bir səs gəldi:

— Ata…

Bu səs məni sanki silkələdi. Qızımın səsinə çox bənzəyirdi. Uzun müddətdir ailəmdən uzaq olduğum üçün darıxmağımın nəticəsidir, deyə düşündüm və çəkilişi davam etdirdim. Amma səs bir daha, bu dəfə daha utancaq tonla eşidildi:

— Ata…

İstər-istəməz səsə tərəf döndüm. Bu, həqiqətən də qızım idi — Milli Aviasiya Akademiyasının tələbəsi, qızım Dilşad Heydərzadə. Günlərdir uzaq olduğum övladımı görmək həm gözlənilməz, həm də duyğulu an idi. İlk an nə gözlərimə, nə də qulaqlarıma inandım. Sarılması və yaşadığımız qısa kövrəklik hər şeyi təsdiqlədi — bu, Dilşad idi.

Təəccüblə soruşdum:

— Qızım, sənin burada nə işin var?

Gülümsəyərək cavab verdi:

— Ata, günlərdir bu soyuqda burada dayanan uşaqlardan mənim nə əksiyim var? Bir də səni görmüş oldum, nəyi pisdir?

Sonra yenidən boynuma sarıldı…

Bir neçə dəqiqə sonra verdiyim sualın nə qədər yersiz olduğunu anladım. Dilşad üç övladımın ikincisidir. Biz övladlarımızı ailəlikcə vətənpərvər ruhda böyütməyə çalışmışıq. O an həmin sualın heç yeri yox idi.

Qızım Dilşad aksiyada cəmi 24 saat qaldı. Amma elələri var idi ki, aksiyanın əvvəlindən sonuna qədər orada idilər. İllər keçsə də adlarını xatırlamasam belə, onların fədakarlıqlarını nə mən, nə media nümayəndələri, nə də Vətən unudacaq.

Əminəm ki, o gənclərin əksəriyyəti ilk dəfə idi ailələrindən bu qədər uzaq qalırdılar. Buna baxmayaraq, darıxdıqlarını hiss etdirmədən, fasiləsiz şəkildə aksiyanı davam etdirir, şüarlarını yüksək səslə səsləndirirdilər.

Onlara əlavə güc verən mühüm bir amil də vardı — polis və Daxili Qoşun əməkdaşları. Bu qurumlar yüksək peşəkarlıq və təmkinlə ərazidə xidmət aparır, mümkün hər hansı insidentə dərhal müdaxilə etməyə hazır vəziyyətdə idilər. Bunu görən aksiya iştirakçıları daha da ruhlanırdı.

Eyni zamanda ərazidə Fövqəladə Hallar və Səhiyyə Nazirliyinin əməkdaşları da fəaliyyət göstərir, üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirirdilər.

Axşam düşdükcə hava daha da sərtləşir, çəlləklərdə yandırılan quru odunlar gur alovlanırdı. Hamı bu çəlləklərin ətrafına yığışır, söhbət edir, bir-birimizi daha yaxından tanıyırdıq.

Bu anlardan istifadə edən müxbirlərim Ruslan Həsənov və Elnur Tofiq aksiya iştirakçılarına ayrı-ayrılıqda yaxınlaşaraq fikirlərini öyrənirdilər. Bir müddət iki müxbirlə paralel işlədik.

Müsahibələr əsasən aksiya mövzusunda olsa da, bəzən mövzudan kənar, səmimi anlar da yaşanırdı. Şeir sevənlər qiraət edir, musiqi alətində ifa edənlər bacarıqlarını göstərir, səsinə güvənənlər isə vətənpərvər ruhlu mahnılar oxuyurdular. Bu isə aksiyaya tamam fərqli bir ab-hava qatır, həmrəyliyi daha da gücləndirirdi.

Bu, təkcə bir aksiya deyildi. Bu, birlik, məsuliyyət və Vətən sevgisinin canlı təzahürü idi.

Elşad HEYDƏROV

Naxçıvan Televiziyasının Bakı bürosunun operatoru