Əli Əsədov WUF13-də fəal iştiraka görə MDB ölkələrinə təşəkkür edib
Azərbaycanın Baş naziri Əli Əsədov Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) işində fəal iştiraka görə MDB ölkələrinə minnətdarlığını bildirib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, o, bunu bu gün Aşqabadda MDB Hökumət Başçıları Şurasının iclasında bəyan edib.
"Qeyd etmək istərdim ki, bu gün Bakıda dayanıqlı inkişaf, urbanizasiya və həyat keyfiyyətinin yüksəldilməsi məsələlərinə həsr olunmuş ən böyük beynəlxalq platformalardan biri olan Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası başa çatır", - Baş nazir bildirib.
Onun sözlərinə görə, BMT-nin himayəsi altında keçirilən forum qlobal mənzil böhranı, şəhərlərin davamlı inkişafı, iqlimə dayanıqlıq və böhrandan sonrakı bərpa da daxil olmaqla aktual çağırışların müzakirə edilməsi üçün 182 ölkədən rekord sayda - 40 mindən çox iştirakçını bir araya gətirib.
"Fürsətdən istifadə edərək, Ümumdünya Şəhərsalma Forumunun işində fəal iştiraklarına görə MDB-nin üzvü olan dövlətlərin nümayəndələrinə minnətdarlığımı bildirmək istərdim", - o qeyd edib.








