"Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" təsdiq edilib

"Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi" təsdiq edilib

09 İyun 2026

Nazirlər Kabineti "Enerji effektivliyi informasiya sisteminin Əsasnaməsi"ni təsdiq edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, Energetika Nazirliyi Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) ilə birlikdə Enerji effektivliyi informasiya sistemində

formalaşan açıq məlumatların "Açıq məlumatlar" portalına ötürülməsini, bu mümkün olmadığı halda daxil edilməsini və həmin məlumatların mütəmadi olaraq yenilənməsini təmin etməlidir.

RİNN isə Əsasnamədə qeyd edilən ötürülən məlumatların ilkin mənbəyini formalaşdıran dövlət qurumları və təşkilatları ilə birlikdə həmin məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə olunmasını təmin etməli, bu barədə ildə bir dəfə Nazirlər Kabinetinə məlumat verməlidir.

Əsasnamə "Enerji effektivliyi informasiya sistemi"nin (EEİS) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

EEİS-in sahibi və operatoru funksiyalarını Energetika Nazirliyi həyata keçirir.

EEİS-in formalaşdırılmasının məqsədi dövlət idarəetməsinin optimallaşdırılmasından, eləcə də müvafiq sahə üzrə təhlil aparılmasından, proqnoz və hesabatların hazırlanmasından və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsindən ibarətdir.

EEİS-də yaradılan, əldə edilən, toplanılan informasiya və elektron sənədlər dövlət mülkiyyətidir.