Evdə və ofisdə internet sürəti niyə zəif olur?

Evdə və ofisdə internet sürəti niyə zəif olur?

06 Fevral 2026

Son vaxtlar bəzi abunəçilər ev və ya ofislərində internet sürətinin zəif olması ilə bağlı müraciətlər edirlər.

Aparılan texniki araşdırmalar zamanı həmin ünvanlara çəkilmiş internet xəttində sürətin normativlərə uyğun və yüksək olduğu təsdiqlənsə də, istifadəçilərin bu imkanlardan tam yararlana bilmədiyi hallara rast gəlinir.

Mütəxəssislər bildirirlər ki, bunun əsas səbəbləri texniki və istifadəçi amilləri ilə bağlıdır.

Naxçıvan Muxtar Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC muxtar respublika ərazisində əhaliyə təqdim olunan genişzolaqlı internet xidmətlərindən daha səmərəli və keyfiyyətli istifadəni təmin etmək məqsədilə mütəmadi tədbirlər həyata keçirir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qurum abunəçilərə göstərilən xidmətdən maksimum faydalanmaları üçün bir sıra tövsiyələr təqdim edib.

Bildirilib ki, ilk növbədə internet sürəti istifadəçinin real ehtiyaclarına uyğun seçilməlidir. Belə ki, 10–20 Mbit/s sürət sosial şəbəkələr, elektron poçt və sadə veb-saytlar üçün kifayət edir. 30–50 Mbit/s HD keyfiyyətdə video izləmə, onlayn dərslər və bir neçə cihazın eyni vaxtda istifadəsi üçün tövsiyə olunur. 100 Mbit/s və daha yüksək sürətlər isə 4K video izləmə, onlayn oyunlar, uzaqdan iş və çoxsaylı istifadəçilər üçün məqsədəuyğundur. Qeyd olunur ki, ehtiyacdan artıq yüksək sürət əlavə üstünlük yaratmadığı kimi, aşağı sürət seçimi də istifadə zamanı narazılıqlara səbəb ola bilər.

Mütəxəssislərin fikrincə, internet sürətinin zəif hiss olunmasının əsas səbəbləri sırasında eyni anda çoxsaylı cihazların şəbəkəyə qoşulması, köhnə və texniki imkanları məhdud modem və routerlərdən istifadə, Wi-Fi siqnalının divar və beton maneələr səbəbindən zəifləməsi, cihazlarda virus və ya arxa fonda yüksək trafik yaradan proqramların işləməsi, eləcə də axşam saatlarında şəbəkə yüklənməsinin artması yer alır.

Açıqlamada modem və router seçiminin də xüsusi əhəmiyyət daşıdığı vurğulanır. Fiber-optik (GPON) xidmətlər üçün mütləq GPON dəstəkləyən modemlərdən istifadə edilməli, routerlər isə ən azı Wi-Fi 5 və ya Wi-Fi 6 standartlarını dəstəkləməlidir. Böyük sahəli mənzillər və fərdi evlər üçün ikizolaqlı routerlər və ya mesh sistemlərin daha effektiv olduğu bildirilir. Köhnə, 10–100 Mbit portlu routerlərin isə yüksək sürətli tariflərin imkanlarını məhdudlaşdırdığı qeyd olunur.

İstifadəçilərə internet sürətini yoxlayarkən modemə birbaşa kabel vasitəsilə qoşulmaq, routeri evin mərkəzi və açıq hissəsində yerləşdirmək, şübhəli proqramları mütəmadi yoxlamaq və texniki çətinliklər zamanı özbaşına müdaxilə etmədən rəsmi texniki dəstəyə müraciət etmək tövsiyə edilir.

Həmçinin modemlərin qalın divarların arxasında, döşəmədə, künclərdə, qapalı dolab və metal səthlərdə, eləcə də televizor və mikrodalğalı soba kimi elektron cihazların yanında yerləşdirilməsinin məqsədəuyğun olmadığı diqqətə çatdırılır.

Qeyd olunub ki, abunəçilərə müasir, stabil və yüksək keyfiyyətli internet xidmətlərinin göstərilməsi “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC-nin fəaliyyət prioritetlərindəndir. Düzgün sürət seçimi və uyğun avadanlıqdan istifadə internet xidmətlərinin real imkanlarından tam yararlanmağa şərait yaradır.

Abunəçilər əlavə məlumat və texniki dəstək üçün qurumun sosial şəbəkələrdəki rəsmi hesablarına müraciət edə bilərlər.