Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub -

Heydər Əliyev Mərkəzində qədim insan məskənlərinin mühafizəsinə dair beynəlxalq konfrans təşkil olunub - FOTO

15 Mart 2025

Naxçıvan Muxtar Respublikasının mədəniyyət nazirinin müavini Həsən Seyidov və nümayəndə heyətinin də iştirak etdiyi tədbirdə əvvəlcə Azıx və Tağlar mağaraları ilə bağlı videoçarx nümayiş olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konfransda çıxış edən mədəniyyət nazirinin müavini Fərid Cəfərov mövzu ilə bağlı vacib məqamları diqqətə çatdırıb. Bildirib ki, əsas məsələ beynəlxalq səviyyədə qədim insan məskənlərinin mühafizəsi üzrə tədbirin keçirilməsidir.

Azərbaycan Respublikasının UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qeyd edib ki, hazırda mədəni irs üçün ən böyük təhlükə mina problemidir. O, işğaldan azad edilmiş ərazilərin böyük bir hissəsinin mədəni irs abidələrinin əhatəsində yerləşdiyini deyib.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova Fond haqqında mövzuya dair fəaliyyət istiqamətindən söhbət açıb.

İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Mədəniyyət İnstitutunun prezidenti Saad S.Xan İƏT-in fəaliyyət istiqaməti barədə məlumat verib.

Konfransda həmçinin Gəmiqaya abidəsinin UNESCO-nun reprezentativ siyahısına salınması üçün işlərə başlanılıdığı qeyd olunub. 

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, Akademiyanın müxbir üzvü Vəli Baxşəliyev Gəmiqaya təsvirləri barədə ətraflı məlumat verib və onların qədim tariximizin şahidi olduğunu vurğulayıb.

Tədbir sual-cavab sessiyası ilə davam edib.