Heydər Əliyevin hərbi quruculuq siyasəti güclü Ordunun təməlidir

Heydər Əliyevin hərbi quruculuq siyasəti güclü Ordunun təməlidir

14 İyul 2026

İyulun 14-də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-siyasi Sənədlər Arxivinin və Müdafiə Nazirliyinin birgə təşkilatçılığı ilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 57-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev irsi – Güclü dövlət, Qalib Ordu, Zəngin mədəniyyət” mövzusunda tədbir keçirilib. Tədbir çərçivəsində “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusunun təqdimatı olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirdə Müdafiə Nazirliyinin nümayəndələri, liseyin rəhbərliyi və müəllim heyəti, Milli Məclisin deputatları, dövlət qurumlarının nümayəndələri, elm və mədəniyyət xadimləri, siyasi partiyaların və qeyri-hökumət təşkilatlarının təmsilçiləri, ziyalılar və media nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub, Ulu Öndərin muzeyini, həmçinin liseyin ərazisində ucaldılmış Cəmşid Naxçıvanskinin büstünü ziyarət ediblər. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbir hərbi orkestrin müşayiəti ilə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan Milli Müdafiə Universitetinin rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov bildirib ki, Azərbaycanda ordu quruculuğunun təməlinin qoyulması 1971-ci ilə - Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına təsadüf edir. Qeyd olunub ki, xalqımıza uzun illərdən sonra Qələbə sevincini yaşadan döyüşçülərin əksər hissəsi məhz Ulu Öndərin çətinliklərə rəğmən əzmlə, fədakarlıqla yaratdığı liseyin məzunlarıdır.

O, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu hərbi quruculuq siyasətinin bu gün güclü Azərbaycan Ordusunun təməlini təşkil etdiyini bildirib. Vurğulanıb ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə bu siyasət uğurla davam etdirilərək Azərbaycanın müdafiə qüdrəti daha da möhkəmləndirilib, Ordumuz tarixi Zəfərə imza atıb və bu irsin davam etdirilməsi hər bir Azərbaycan hərbçisi üçün böyük şərəfdir. General-mayor qeyd edib ki, İctimai-Siyasi Sənədlər Arxivinin nəşr olunmuş kitablarının məhz Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təqdim olunması kursantların tarixi yaddaşının, milli-mənəvi dəyərlərə bağlılığının, vətənpərvərlik ruhunun və dövlətçilik ənənələrinə hörmət hissinin daha da möhkəmlənməsinə xidmət edir.

Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin İctimai-Siyasi Sənədlər Arxivinin direktoru Elmira Ələkbərova çıxışında bildirib ki, arxivlər milli yaddaşı yaşadan və gələcək nəsillərə çatdıran ən etibarlı mənbələrdir. O qeyd edib ki, təqdim olunan “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusu Ulu Öndər Heydər Əliyevin 1969–1982-ci illərdə elm, mədəniyyət, ədəbiyyat və incəsənətin inkişafı istiqamətində həyata keçirdiyi siyasəti arxiv sənədləri əsasında əks etdirir və həmin dövrün dövlət idarəçiliyini öyrənmək üçün mühüm elmi əhəmiyyətə malikdir.

Çıxışının sonunda Elmira Ələkbərova bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlətçilik və milli-mədəniyyət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun rəhbərliyi ilə Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib, işğaldan azad olunmuş torpaqlarda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Bu gün azad Qarabağda yenidən Azərbaycan mədəniyyəti yaşayır, milli musiqimiz səslənir, teatr və incəsənətimiz öz doğma yurduna qayıdaraq Zəfər salnaməsini yazır.

Daha sonra 1-ci dərəcəli dövlət müşaviri, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə, Milli Məclisin deputatları - Hicran Hüseynova, Hikmət Babaoğlu, Məlahət İbrahimqızı, Jalə Əliyeva, Ceyhun Məmmədov liseyin ərazisində ucaldılmış Cəmşid Naxçıvanskinin büstünün müəllifi, görkəmli heykəltaraş, Xalq rəssamı Ömər Eldarov, eləcə də yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru, dosent Şərəf Cəlilli çıxış edərək Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, milli-mənəvi dəyərlərin, elm və mədəniyyətin inkişafı, eləcə də milli ordunun formalaşdırılması istiqamətində həyata keçirdiyi uzaqgörən siyasətdən bəhs ediblər. Çıxışçılar həmin siyasi kursun bu gün Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın müdafiə qüdrətinin daha da möhkəmləndirildiyini, Ordumuzun müasir tələblərə uyğun inkişaf etdiyini və milli-mədəni irsin qorunması istiqamətində mühüm uğurlar əldə olunduğunu vurğulayıblar. Natiqlər təqdim olunan nəşrlərin Ulu Öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin, milli-mənəvi dəyərlər və mədəniyyət siyasətinin arxiv sənədləri əsasında öyrənilməsi baxımından mühüm elmi və tarixi əhəmiyyət daşıdığını qeyd ediblər.

Tədbir zamanı “Heydər Əliyev və Azərbaycan milli mədəniyyəti” silsiləsindən sənədlər toplusu Cəmşid Naxçıvanski adına Hərbi Liseyin kitabxanasına hədiyyə olunub. Bununla yanaşı, Hərbi Liseyin yaradılması ilə bağlı Qərarın, onun yaradılması üçün görüləcək işləri və verilən tapşırıqları əks etdirən sənədlərin surətləri Hərbi Liseyin muzeyinə hədiyyə edilib.

Həmçinin Ulu Öndərin 100 illiyi ərəfəsində hazırlanmış döş nişanı Hərbi Liseyin rəisi, Vətən Müharibəsi Qəhrəmanı polkovnik Anar Mirzəyevə təqdim olunub.

Çıxış edən polkovnik Anar Mirzəyev belə mötəbər tədbirin Ulu Öndərin yadigarı olan Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilməsinə görə öz adından, bütün şəxsi heyət adından dərin minnətdarlığını bildirib. Vətənə xidmətinin başlanğıcının Cəmşid Naxçıvanski adına Hərbi Liseydən keçdiyini deyən Vətən Müharibəsi Qəhrəmanı burada Vətənə, millətə ləyaqətli övladlar yetişdiyini diqqətə çatdırıb. Qeyd olunub ki, Azərbaycan Respublikasının azadlığı, müstəqilliyi və suverenliyi uğrunda Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yetirmələri böyük fədakarlıq göstərib, 200-dən çox məzun Vətən yolunda şəhidlik zirvəsinə ucalıb. Onların qəhrəmanlığı dövlətimiz tərəfindən yüksək qiymətləndirilib, liseyin məzunları sırasından 11 nəfər “Milli Qəhrəman”, 19 nəfər isə “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülüb.

Tədbir çərçivəsində, həmçinin İctimai-Siyasi Sənədlər Arxivində mühafizə olunan 1969–1982-ci illərə aid sənədlər əsasında hazırlanmış, Ulu Öndər Heydər Əliyevin şərəfli ömür yolu və dövlətçilik fəaliyyətindən bəhs edən sənədli xronika nümayiş etdirilib.

Tədbir bədii hissə ilə davam edib, vətənpərvərlik mövzusunda musiqi nömrələri təqdim olunub.