İlham Əliyev Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətlərarası Komissiyanın həmsədri Lord Anas Sarvarı qəbul edib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Lord Anas Sarvar Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Endi Börnhemin məktubunu dövlət başçısına təqdim edərək, Baş nazirin Azərbaycanla uzun illər ərzində dinamik inkişaf edən əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb.
Prezident İlham Əliyev məktuba görə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş nazirinə minnətdarlığını bildirib.
Lord Anas Sarvar Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını deyib.
Prezident İlham Əliyev Azərbaycanla Birləşmiş Krallıq arasında fəal əməkdaşlığın qurulduğunu vurğuladı, müstəqilliyimizi bərpa etdikdən bəri iki ölkənin uzun müddətdir ki, yaxın tərəfdaş olduqlarını qeyd edib.
Söhbət zamanı bir neçə gün əvvəl Birləşmiş Krallığın müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakerin Azərbaycana səfəri məmnunluqla xatırlanıb, son dövrlərdə Krallıqdan Azərbaycana müxtəlif səviyyəli rəsmi səfərlərin sayının artması münasibətlərimizin strateji önəminin göstəricisi kimi qiymətləndirilib.
Azərbaycan Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın Bakıda keçirilən 8-ci iclasının əhəmiyyətinə toxunulub, bunun iqtisadi gündəliyimizdə duran bir çox sahəyə aid məsələlərin müzakirəsi üçün yaxşı imkan yaratdığı qeyd edilib.
Görüşdə iki ölkə arasında enerji, iqtisadi-ticari, biznes, təhlükəsizlik, müdafiə sənayesi, data mərkəzləri, süni intellekt, kənd təsərrüfatı, təhsil və digər sahələrdə əməkdaşlığın perspektivləri müzakirə olunub.








