İranın Azərbaycana qarşı nankorluğu və İslam ölkələrini hədəf alması
İran uzun illər rəsmi olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini bəyan etsə də, faktiki siyasətdə Ermənistan ilə yaxın münasibətlər quraraq onu siyasi, iqtisadi baxımından dəstəkləyib. Azərbaycan-Ermənistan konfliktini öz geosiyasi maraqları üçün istifadə etməyə imkan yaradıb. İran enerji və ticarət sahələrində Ermənistan üçün xarici aləmlə əlaqəni təmin edən əsas körpü olub. Ermənistanın işğal altında saxladığı Azərbaycan torpaqlarına İran ciddi reaksiya verməyib. Bu faktiki olaraq işğalın davam etməsinə şərait yaradıb və status-kvonun möhkəmlənməsinə xidmət edib.
1990-cı illərdə olduğu kimi, 2020-ci ilin 44 günlük müharibəsi zamanı da İranın mövqeyi Azərbaycanın maraqlarına zidd olub. Ermənistana silah daşınması və logistika (yük, ticarət və təczhizat) dəstəyi ilə bağlı iddialar gündəmə gəlib. Nəhayət 44 günlük müharibədən sonra İranın Qafqazdakı təsiri zəifləyib.
İran rəsmiləri bəzən müsəlman torpaqlarının işğalı mövzusuna toxunsalar da, bu dini faktor real siyasətə təsir etməyib. Geosiyasi maraqlar, xüsusilə Azərbaycanın güclənməsinin qarşısını almaq, dini həmrəylik və islam dəyərlərindən daha çox öz siyasi maraqlarını əsas götürüb
ABŞ-İsrail birləşmələrinə qarşı mübarizə ilə kifayətlənməyən İran burada da iç üzünü göstərərək onlarca müsəlman ölkəsinə raket və dron zərbəsi endirib. Bu, İranda mövcud olan molla rejiminin apardığı mübarizənin sadəcə islamiyyəti qorumağa yönəlmədiyini, pərdə arxasında başqa məqsədlərin olduğunu göstərir. Necə ola bilər ki, heç bir təhlükə gəlməyən müsəlman ölkələrini hədəf ala bilər? Naxçıvanda heç bir ABŞ hərbi bazası olmadığı halda İranın mülki infrastrukturu hədəf alması onun real niyyətini açıq şəkildə göstərmirmi? Əgər İran bu addımları öz təhlükəsizliyini qorumaq məqsədi ilə atdığını iddia edirsə, bəs ABŞ hərbi birləşmələrinin yerləşdiyi Ermənistan niyə hədəfə alınmayıb?
Martın 5-də Naxçıvana hücum və mülki hədəflərin vurulması son dövrlərdə mülki infrastruktura və məktəblərin hədəf alınması beynəlxalq hüquq baxımından ciddi narahatlıq doğurur. Bu, İranın hərbi əməliyyatlarının artıq regional nüfuz və qorxutma siyasəti ilə əlaqəli olduğunu göstərir. Müsəlman ölkələrinin hədəf alınması dini faktorun arxa plana keçdiyini göstərir. Əsl məqsəd İranın strateji üstünlüyünü qorumaq və qonşuların inkişafını məhdudlaşdırmaqdır.
Nəticə olaraq, İranın son 30 ildəki siyasəti Azərbaycanın regional gücünü məhdudlaşdırmaq və Ermənistanı öz orbitində saxlamaq üzərində qurulub. Son hərbi əməliyyatlar və mülki obyektlərin hədəfə alınması göstərir ki, dini və ideoloji bəyanatlar artıq əsas motiv deyil. Bu vəziyyət molla rejiminin legitimliyinə sual doğurur və regionda sabitlik üçün ciddi risk yaradır. İranın strateji maraqları ideoloji örtük altında gizlədilməkdədir, “barıt çəlləyi” isə artıq öz ölkəsində partlamaqdadır. Regionda sülhün bərpası üçün molla rejiminin dəyişməsi və balanslı siyasət vacibdir.
Asəf ORUCOV
Ali Məclisin deputatı








