İranın Naxçıvana dron hücumları terror aktıdır

İranın Naxçıvana dron hücumları terror aktıdır

05 Mart 2026

İran daim qonşuluq prinsiplərinə sadiq qalan, dar günün dostu olan, ərazisindən heç vaxt qonşu ölkələr əleyhinə istifadəyə icazə verməyən Azərbaycana hücum etməklə böyük səhvə yol verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Milli QHT Forumunun bəyanatında qeyd edilib.

Qeyd edilib ki, İran Silahlı Qüvvələri tərəfindən Naxçıvana dron hücumlarının edilməsi Azərbaycana münasibətdə nankorluq, xəyanət və riyakarlıq nümunəsi olmaqla, terror aktıdır:

"Naxçıvanda hava limanı və orta məktəbin hədəfə alınması göstərir ki, məqsəd dinc əhali və mülki infrastruktura ziyan vurmaqdır. Nəticədə 4 nəfər mülki şəxs - 1986-cı il təvəllüdlü Reyhanə Vəliyeva, 1996-cı il təvəllüdlü Mehdi Əsgərov və Zülfüqar Zülfüqarlı, 1998-ci il təvəllüdlü Əsəd Cəfərov yaralanıb, hava limanı və orta məktəb binaları zərər çəkib. Hazırda Azərbaycanın əsas hissəsini Naxçıvan MR ilə yalnız hava nəqliyyatı bağladığından İran, aeroportu sıradan çıxartmaqla, bu əlaqəni tam kəsmək istəyib. Bu çirkin metod bizə 90-cı illərdə Ermənistanın Naxçıvana hücumlarından yaxşı məlumdur".

Bəyanatda bildirlib ki, mülki infrastruktura dron hücumu təşkil etmək acizlik, qorxaqlıq, zəiflikdir. Azərbaycana hücum edənlərin aqibəti məlumdur, İran da bu qorxaq, cılız əməlinə görə peşman olacaq:

"Molla rejimi unutmamalıdır ki, əhalisinin böyük əksəriyyətini canı canımızdan, qanı qanımızdan olan soydaşlarımız - azərbaycanlılar təşkil edir, Təbrizin, Ərdəbilin və digər tarixi Azərbaycan şəhərlərinin ürəyi bizimlədir, onlar buna sıradan hadisə kimi baxmayacaq və dözməyəcək. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərindədir".

Xatırladaq ki, İrandan Naxçıvana martın 5-də günorta radələrində dron hücumları həyata keçirilib. Dronlardan biri Naxçıvan Beynəlxalq Hava Limanının terminal binasına, digəri isə Şəkərabad kəndindəki məktəb binasının yaxınlığına düşüb. Nəticədə 4 nəfər xəsarət alıb.