
Kənd təsərrüfatı naziri Şərurda fermerlərlə görüşüb - FOTO
Naxçıvan Muxtar Respublikasının kənd təsərrüfatı naziri Rafail Quliyev Şərur rayonunda yerləşən bir sıra təsərrüfatlarda olub, fermerlərlə görüş keçirib və sahələrdə aparılan işlərlə yerindəcə tanış olub
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazir səfəri çərçivəsində ilk olaraq Qorçulu kəndində yerləşən sahibkar Akif Əliyevə məxsus intensiv meyvə bağında olub. Bildirilib ki, 3 hektardan artıq ərazini əhatə edən bağda Türkiyə, Yunanıstan və bir neçə Avropa ölkəsindən gətirilmiş yüksək məhsuldarlığa malik tinglər əkilib. İnnovativ texnologiyaların tətbiq edildiyi bağda aqrotexniki qulluq qaydalarına düzgün riayət edildikdə, hər hektardan 100-120 ton məhsul əldə olunması mümkündür.
Qeyd olunub ki, intensiv bağçılıq az torpaq sahəsindən yüksək məhsul götürməyə imkan verir və bu ərzaq təhlükəsizliyinin təmin olunmasında da mühüm rol oynayır.
Mövcud problemlər və ehtiyaclar qeydə alınıb, onların aradan qaldırılması ilə bağlı müvafiq tapşırıqlar verilib.
Nazir Rafail Quliyev daha sonra Zeyvə kəndində yerləşən “Şərur Broyler” quşçuluq fabrikində də olub, 2012-ci ildən fəaliyyət göstərən müəssisədə aparılan istehsal prosesi ilə maraqlanıb. Müəssisədə quş əti istehsalının genişləndirilməsi və əvvəllər mövcud olmuş yumurta və yem istehsalının bərpası istiqamətində müzakirələr aparılıb.
Nazir həmçinin heyvandarlıq, quşçuluq, o cümlədən kartofçuluq təsərrüfatlarına da baş çəkib, təsərrüfat sahibləri ilə görüşüb. Onların fəaliyyəti, üzləşdikləri çətinliklər və ehtiyaclar dinlənilib, təkliflər qeydə alınıb. Nazir, qarşıya çıxan problemlərin həlli və təsərrüfatların inkişafının dəstəklənməsi üçün aidiyyəti üzrə tapşırıqlar verib.