Kəngərlidə “İntellekt çempionatı” keçirilib -

Kəngərlidə “İntellekt çempionatı” keçirilib - FOTO

13 İyul 2025

“Estafet” Gənclərin İctimai Birliyinin “İntellekt dalğası regionlarda” layihəsi çərçivəsində növbəti intellektual yarış Kəngərli rayonunda təşkil olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iyulun 11-də  Kəngərli Rayon Şahmat Məktəbində baş tutan “İntellekt Çempionatı”nın rayon mərhələsində 6 komanda iştirak edib. Yarış “Nə? Harada? Nə zaman?” formatında keçirilib və iştirakçılara 24 sual təqdim olunub.

Tədbirin əvvəlində layihə rəhbəri Arzu Qasımov çıxış edərək layihənin məqsədi və əhəmiyyətindən danışıb. O, bu cür təşəbbüslərin gənclərin bilik və bacarıqlarının inkişafına, həmçinin komanda ruhunun gücləndirilməsinə xidmət etdiyini vurğulayıb.

Yarışın sonunda qalib komandalar diplomlarla təltif olunub. Birinci yerin sahibi olan “Zəngəzur” komandası Naxçıvan şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıb.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Respublikasının Gənclər Fondunun Naxçıvan filialının tərəfdaşlığı ilə həyata keçirilir.