Məcid Seyidov beynəlxalq yarışlarda uğur qazanan Naxçıvan idmançıları ilə görüşüb - FOTO
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyində son dövrlərdə beynəlxalq arenada uğurlu nəticələri ilə fərqlənən idmançılar və onların məşqçiləri ilə görüş keçirilib.
Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, görüşdə çıxış edən gənclər və idman nazirinin müavini, nazir vəzifələrini icra edən Məcid Seyidov ölkəmizdə idmana göstərilən dövlət qayğısı və idman siyasətinin icrası istiqamətində görülən işlər barədə danışıb. Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına uğurla ev sahibliyi etməsi ölkəmizdə idmana yaradılan əlverişli şəraitin göstəricilərindən biri kimi diqqətə çatdırılıb.
Naxçıvanda idmançıların inkişaf dinamikasının yüksəlməsini və beynəlxalq yarışlarda əldə olunan nəticələrin artmasını sevindirici hal kimi qiymətləndirən nazir müavini bildirib ki, idmanın müxtəlif istiqamətləri üzrə həyata keçirilən tədbirlər, yaradılan imkanlar və görülən işlər öz nəticəsini verir. İdmançıların qazandıqları uğurlar, eyni zamanda, onların və məşqçilərinin əzmkarlığının göstəricisidir.
Görüşdə beynəlxalq yarışlarda yüksək nəticələr əldə edən idmançılar və onların məşqçiləri mükafatlandırılıb.
Sonda idmançılara qarşıdakı yarışlarda və gələcək karyeralarında uğurlar arzulanıb, birgə xatirə şəkli çəkdirilib.
Xatırladaq ki, son dövrlərdə Naxçıvan idmançıları beynəlxalq arenada bir sıra uğurlara imza atıblar. Fəxrəddin Allahverdiyev ağırlıqqaldırma üzrə U15 və yeniyetmələr arasında Avropa birinciliyində üç gümüş medal qazanıb. Naxçıvan komandası Türkiyənin Artvin şəhərində keçirilən beynəlxalq turnirdə 3 qızıl, 1 gümüş və 1 bürünc medal əldə edərək yarışın qalibi olub. Şahmatçılar Qənbərli Hüseyn Malatyada keçirilən IX Beynəlxalq “Altın Kayısı” Şahmat Turnirinin “B” kateqoriyasında, Mirsaleh Seyidli isə II Beynəlxalq Kapadokya Açıq Şahmat Turnirində “B” qrupunda birinci yeri tutublar. Bundan əlavə, Nihad Muradova beynəlxalq güləş hakimi statusunun verilməsi Naxçıvan idmanı üçün tarixi nailiyyətlərdən biri olub.




















