Müasir Azərbaycan poeziyasının parlaq siması:

Müasir Azərbaycan poeziyasının parlaq siması: Nəbi Xəzri

24 Sentyabr 2024

Nəbi Xəzri -100 il

Ümummilli lider Heydər Əliyev: Nəbi Xəzri öz şeirlərində xalqımızın həm qəhrəman keçmişini, həm də bugünkü həyatını və sabahını yüksək ustalıqla, fitri sənətkarlıqla  tərənnüm edir. Öz şeirlərində və poemalarında şair cəmiyyətimizin inkişafı üçün, indiki nəslin tərbiyəsi üçün birinci dərəcəli əhəmiyyəti olan problemlər qaldırır. Həm də müəllifin mövqeyi həmişə aydın şəkildə bildirilir, onun xalqa bağlılığı, onlara sədaqətlə xidməti nümayiş  etdirilir.
                                                                                             
Bildiyimiz kimi, 2024-cü ilin dekabr ayında Azərbaycanın Xalq şairi Nəbi Xəzrinin (Nəbi Ələkbər oğlu Babayevin) anadan olmasının 100 ili tamam olur. Bu məqsədlə sentyabr ayının 9-da  Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin "Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında" imzaladığı  Sərəncam xüsusi əhəmiyyət kəsb edir.  Sərəncamda çox haqlı olaraq qeyd edilir: "Nəbi Xəzri Azərbaycan ədəbiyyatını yeni poetik obrazlarla zənginləşdirərək onun inkişafında özünəməxsus rol oynamış görkəmli söz ustasıdır. Çoxcəhətli yaradıcılığı boyu sənətkar insanın mənəvi aləminin saflığını geniş lirik-epik lövhələrlə tərənnüm etmiş və daim ülvi ideallarla yaşamağa çağırmışdır. Azərbaycan xalqının tarixi-mədəni yaddaşının bir çox səhifələri onun yüksək vətəndaşlıq qayəsindən yoğrulan əsərlərində öz bədii təcəssümünü tapmışdır. Təbiət gözəlliklərinə vurğunluq və doğma torpağa bağlılıq hissləri aşılayan Nəbi Xəzri poeziyası dərin lirizmi, ifadə tərzi və həyata fəlsəfi münasibəti ilə səciyyələnir."

Əlbəttə, nə XX əsr, nə də indi yaşadığımız XXI əsr Azərbaycan poeziyasını Nəbi Xəzrisiz təsəvvürə gətirmək qeyri-mümkündür. Onun poeziyası milli-mənəvi dəyərlərimiz sırasındadır. Heç bir mübaliğəyə, epitetə ehtiyac duymadan deyirik ki, Azərbaycan mentalitetinin dünyaya tanınmasında Nəbi Xəzrinin də özünün və əsərlərinin payı var.

Bu gün ədəbiyyatımızda onun yeri görünür.  Onun zərif, incə, məhəbbət dolu lirikası yenə öz  təravəti ilə seçilir.  Məşhur bir  lirikasını yada salmaq yerinə düşər:

Əgər ki, yıxılsam çinar göstərin,

Mən ona söykənib arana baxım.

Gözlərim görməsə Göy gölü verin,

Mən onun gözüylə cahana baxım.

Hər yerdə, həmişə

Sənsən gümanım.

Canım-gözüm mənim

Azərbaycanım!

Öz qələmi ilə qəlbləri oxşayan Nəbi Xəzri lirikası özünəməxsusluğu ilə seçilir. Heç təsadüfi deyildir ki,  ustad tənqidçi Məmməd Arif yazmışdı ki: "Nəbi Xəzrinin öz poetik aləmi - məcazlar, bənzətmələr, bədii ifadələr aləmi vardır. Bu aləmi o, özü yaratmışdır və ona sadiqdir. Bu poetik aləm çox zəngin mənəvi aləmin-ideyalar, fikirlər, hisslər aləminin gözəl bir inikas formasıdır. Şairin mənəvi dünyasını mən dörd kəlmə ilə ifadə edərdim: ucalıq, genişlik, təmizlik, gözəllik. Nəbi şeirimizə dağların vüqarını, zirvələrin ucalığını, dənizlərin genişliyini, baharın, qarın, çiçəklərin, insan qəlbinin, sevgisinin, insani inamın gözəlliyini gətirmişdir".

Onun şeirə, sənətə, ümumiyyətlə, sözə tələbkarlığı "Söz" şeirində belə ifadə edilmişdi:

Əzəl başdan açarıdır sirlərin,

Öz gücünü ürəklərdən alar söz.

Nəşə verər, sevinc verər, qəm verər,

Müşkül olan dərdə çarə qılar söz.

İlk həmdəmdir, ilk silahdır hər kəsə,

Əgər ki, o, saf poladdan deyilsə.

Hər kəlməsi öz yerində deyilsə,

Qılınclardan daha kəskin olar söz.

Nəbi Xəzri geniş və hərtərəfli yaradıcılıq yolu keçıb. Bir şair olmaqla bərabər nasir, dramaturq, publisist və tərcüməçi kimi də şöhrət qazanıb.

Ədəbiyyatşünas alimlərin dediyi kimi, Azərbaycan şeirində Nəbi Xəzri yaradıcılığının öz möhtəşəm yeri var. Öncə onun vətəndaşlığı, xalq, millət təşəbbüskeşliyi diqqət çəkir. Nəbi Xəzri bütün insanlar üçün ümid qapılarını açıq, bütün ömürlərini nur içində arzulayan, dünyanı həqiqətən mavi rəngdə görən bir şair idi. O öz oxucuları ilə çox səmimi idi və bu səmimiyyət də hər kəsə doğma təsir bağışlayırdı. Ona görə də şeirləri dərin-dərin okeanlardan çox dibi görünən bir ovuc bulaq suyunu xatırladan-aydın və şəffafdır.

Qarlı bir zirvə olsan,

Ağ buludun olaram.

Dərin xəyala dalsan,

Mən sükutun olaram.

Nəbi Xəzri şeirləri mənasına, məzmununa, lirik ovqatına görə həmişə oxucusunu düşündürüb. Nəbi Xəzri şeirlərində Azərbaycan-onun torpağı, daşı-qayası, çınarı, dənizi, çeşmələri böyük məhəbbətlə tərənnüm olunub. Bunun bir sirri də ondadır ki, o, işi ilə əlaqədar dünyanın çox ölkələrini gəzib-dolaşmışdır. Hər getdiyi ölkənin gözəllikləri timsalında Azərbaycanı görmüş və bu sevgini nəğməli sətirlərə çevirmişdir.

Dünyalar içində bir ayrı dünyam -

                              Azərbaycan!

Yuxusuz ömrümdə bir sirli röyam -

                              Azərbaycan!

Sonsuz kainatda təkcəm, yeganəm -

                              Azərbaycan!

Bir ayrı nağılım, ayrı əfsanəm -

                               Azərbaycan!

Bir ayrı düşünəm, ayrı xəyalım -

                                Azərbaycan!

Ayrılıq sonunda şirin vüsalım -

                                Azərbaycan!

Zamanın ucalığında dayananlar həmişə bütövlüyü, özünəməxsusluğu qoruyub saxlaya biliblər. Bu mənada Nəbi Xəzri bizim o şairlərdəndir ki, onun yaradıcılığı zaman küləyinin əsirliyindən çox uzaqdır. Torpağa bağlılıq, yurd sevgisi, nikbinlik, lirizm, hisslərin dərinliyi onun poeziyasında elə lövbər salıb ki, hər bir əsəri oxucunun ürəyinə, qəlbinə təsir edərək yaddaşına köçüb. Nəbi Xəzri şeirlərinin birində yazmışdı:

Şeir mənim üçün bir kainatdır,

Onun ulduzları, günəşləri var...

Şeir mənim üçün sirli həyatdır

Onun öz sevinci, öz kədəri var.

Nə qədər qol-qanad açsa da ilham,

Mən ana torpağın sinəsindəyəm.

Nə qədər göylərə uçsa da ilham,

Mən yerin cazibə qüvvəsindəyəm...

Hər ömrün ölçüsü dünyada ildir,

 Həyat təbiətin şah əsəridir.

 İllər ömürlərin sonu deyildir,

 İllər ömürlərin sahilləridir

İnsan o vaxt xatırlanır ki, özündən sonra bir iz qoyub gedir. Nəbi Xəzri Azərbaycan ədəbiyyatında yüz illərlə yaşayacaq iz qoyub gedib. Fəlsəfi məzmunlu əsərləri ilə ədəbi aləmimizə özünəməxsus bir gözəllik bəxş edib...

Dənizi hədiyyə verirəm sənə,

Mən dedim, sən baxdın, sən gülümsədin,

Göylərin şəfəqi düşdü üzümə,

Mən isə göyləri verirəm dedim.

Ayrıldıq qəribə hədiyyələrlə

Göylər eşqim qədər mənə əzizdir

Ayrıldıq dənizlə ağ ləpələrlə

 Necə aparasan, dəniz-dənizdir,

Dənizi verdim ki, sənə hədiyyə...

Bu gün Nəbi Xəzri nəğmələri səslənəndə bizləri o illərə aparır, qəribə duyğular oyadır insanda, neçə-neçə xoş xatirələr yada düşür. Nə qədər ki, bu mahnılar, şeirlər bizlərə nəyisə xatırladacaq, bu misraların müəllifi, sevimli Xalq şairi Nəbi Xəzri poeziyası da daim oxunacaq və yaşayacaq...

Ləpə tək üstümdən keçəcək illər,

Əbədiyyət-mənim səhərim kimi.

Əgər qocalsam da Xəzərim qədər,

Cavan qalacağam Xəzərim kimi.

 

Fəxriyyə CƏFƏROVA