Müəllim - Cəmiyyətin işıq mənbəyi

Müəllim - Cəmiyyətin işıq mənbəyi

04 Oktyabr 2025

Fikirimi yenə də Azərbaycanın memarı, Ulu Öndər Heydər Əliyevin sözləri ilə başlamaq istəyirəm: “Mən dünyada müəllimdən şərəfli ad tanımıram.”

Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bütün illərdə müəllim əməyini yüksək qiymətləndirmiş, onlara böyük hörmətlə yanaşmış, təhsil işçilərinin maddi vəziyyətinin və rifah halının yaxşılaşdırılmasının daim qayğısına qalmışdır.

Ölkəmizdə Müəllimlər Günü 1993-cü ilin 5 oktyabr tarixindən qeyd edilməyə başlanmışdır. Beynəlxalq Müəllimlər Günü — həyatını xalqın işıqlı gələcəyinə həsr edən müqəddəs peşə sahiblərinin bayramıdır. “Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi var.”

Müəllim yalnız təhsil vermir, o, eyni zamanda gələcəyin layiqli, tərbiyəli və vətənpərvər vətəndaşını yetişdirir.

Cəmiyyətimizdə tərbiyə predmetinə çevrilən gəncliyin vətənpərvər ruhda formalaşmasında müəllim əməyinin rolu danılmazdır. “Ümumi təhsil haqqında” qanunda da vurğulandığı kimi, təhsil alanların tərbiyəli, məsuliyyətli və cəmiyyətə faydalı vətəndaş kimi yetişdirilməsi əsas məqsədlərdəndir. Bu mühüm vəzifə isə məhz müəllimlərin üzərinə düşür. Onlar elə gənclər formalaşdırırlar ki, sabah ölkəmizin müstəqilliyini qorusun, inkişafına töhfə versin, vətəninə sədaqətlə xidmət etsin.

Son illərdə ölkəmizdə təhsilin inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər Prezident İlham Əliyevin bu sahəyə verdiyi böyük önəmin bariz göstəricisidir. Dövlət başçısının təhsili dövlət siyasətinin mühüm prinsipləri sırasına daxil etməsi, müəllimlərə göstərilən hərtərəfli qayğı Azərbaycanın gələcəyinə olan inamının təcəssümüdür.

Zəngin təbii sərvətlərə malik olan ölkəmiz bu sərvətlərdən səmərəli istifadə etməklə insan kapitalının inkişafını prioritet istiqamət kimi müəyyənləşdirib. Təsadüfi deyil ki, XXI əsr məhz Azərbaycanın da “təhsil əsri” adlanır. Son illərdə ölkəmizdə indiyə qədər görünməmiş miqyasda yeni məktəblər tikilmiş, mövcud təhsil müəssisələrinə əlavə korpuslar inşa olunmuşdur. Bu gün Azərbaycanda elə müasir təhsil ocaqları fəaliyyət göstərir ki, dünyanın ən inkişaf etmiş ölkələrindəki məktəblərlə müqayisədə fərqlənmir, hətta bir çox hallarda onları geridə qoyur.

Sevindirici hal odur ki, bu proses təkcə paytaxtda deyil, regionlarda da geniş vüsət almışdır. Yeni və müasir məktəblər şagirdlərin təhsil şəraitini köklü şəkildə dəyişir, tədrisin keyfiyyətini yüksəldir. Bütün bu nailiyyətlər Prezident İlham Əliyevin “Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər” fikrini reallığa çevirir.

5 oktyabr – dünya ictimaiyyətinin böyük sevgi və ehtiramla qeyd etdiyi Beynəlxalq Müəllimlər Günü, dəyərlərin formalaşdığı, elmə və təhsilə sayğı hissinin daha da möhkəmləndiyi bir gündür.

Bu bayram, müəllim adının nə qədər uca və müqəddəs olduğunu bir daha xatırladır.

Nicat ALLAHVERDİYEV 

İdman mütəxəssisi