Naxçıvan Ali Məclisinin payız sessiyasının növbəti iclasının gündəliyi açıqlanıb
19 dekabr 2025-ci il tarixdə yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2025-ci il payız sessiyasının yeddinci iclası keçiriləcək. İclasın gündəliyinə bir sıra mühüm qanun layihələrinin müzakirəsi daxil edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasda “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi ikinci oxunuşda müzakirə olunacaq.
Həmçinin “Normativ hüquqi aktlar haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanun layihəsi üçüncü oxunuşda, “Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatının statusu haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsi isə ikinci oxunuşda baxılacaq.
Gündəliyə daxil edilən digər məsələ isə “Naxçıvan Muxtar Respublikasının Vəkillər Kollegiyası haqqında” Qanunda dəyişiklik edilməsi barədə Qanun layihəsinin birinci oxunuşda müzakirəsidir.
İclasda bu məsələlər üzrə qərarların qəbul edilməsi gözlənilir.








