Naxçıvan DİN son bir ayda keçirilən əməliyyatları açıqlayıb
Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən son bir ay ərzində respublikanın şəhər, rayon və qəsəbələrində vətəndaş məmnunluğunun təmin edilməsi, cinayətkarlığın qarşısının alınması və hüquqazidd əməllərin ifşa olunması istiqamətində silsilə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində ümumilikdə 85 nəfər məsuliyyətə cəlb edilib. Narkotiklərin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olan, eləcə də xüsusi qulluqla çətənə kolları yetişdirən 9 nəfər saxlanılıb. Həmin şəxslərdən külli miqdarda narkotik vasitə və psixotrop maddələr aşkar edilərək götürülüb.
Bundan başqa, narkotik vasitələrin satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanması və daşınmasına görə 34 nəfər barəsində qanunauyğun tədbirlər görülüb.
Avtomobillərdən silsilə oğurluqlar edən, dövlət qeydiyyat nişanlarını oğurlayan, həmçinin mənzil, ticarət obyektləri, əkin sahələri və digər məkanlardan pul, qızıl-zinət əşyaları, spirtli içkilər, məişət əşyaları və tikinti materialları oğurlayan 18 nəfər saxlanılaraq məsuliyyətə cəlb olunub.
Polisin həyata keçirdiyi digər tədbirlər nəticəsində vətəndaşların etibarından sui-istifadə edərək işə düzəltmək vədi ilə pul vəsaitlərini mənimsəyən 3 nəfər də saxlanılıb.
Eyni zamanda narkotik vasitənin təsiri altında avtomobil idarə edən və avtomobil qaçıran 2 şəxs operativ tədbirlərlə tutulub.
Aparılan yoxlamalar zamanı 11 qanunsuz ağac kəsmə faktı müəyyən edilib. Bir fakt üzrə cinayət işi başlanıb, digər hallarla bağlı materiallar inzibati məsuliyyət üçün aidiyyəti qurumlara göndərilib.
Qeyd olunan dövrdə qanunsuz saxlanılan 10 odlu silah, 2 qaz tapançası, 3 avtomat darağı, 578 patron, 1 əl qumbarası, 1 top mərmisi və 1 süngü bıçağı aşkar edilərək götürülüb.
Həmçinin keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində mülki-hüquqi öhdəliklərin icrasından yayınan və Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 158 nəfər saxlanılıb.








