Naxçıvan Dövlət Kukla Teatrında ilk dəfə əlcək üslubunda tamaşa nümayiş olunub - FOTO
Zahid Xəlilin “Güzgü” əsəri balaca tamaşaçıların böyük marağına səbəb olub, izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Dostluq, birlik, mehribanlıq və qarşılıqlı anlayış kimi mənəvi dəyərləri aşılayan tamaşa sehrli güzgü ətrafında cərəyan edən maraqlı hadisələr üzərində qurulub. Rəngarəng kuklalar, dinamik səhnə həlli və axıcı dramaturji xətt tamaşanı həm əyləncəli, həm də tərbiyəvi baxımdan təsirli edib.
Tamaşanın quruluşçu rejissoru Səyyad Məmmədov, quruluşçu rəssamı Naxçıvan Əməkdar rəssamı Rafael Qədimov, musiqi tərtibatçısı isə Əli Məmmədovdur.
Yeni üslubda hazırlanan bu səhnə işi Naxçıvan Dövlət Kukla Teatrında yaradıcı yeniliklərin uğurla tətbiq olunduğunu göstərir. Tamaşaçıların müsbət rəyləri “Güzgü” tamaşasının gələcək repertuarda da xüsusi yer tutacağını deməyə əsas verir.










