Naxçıvan Dövlət Milli Dram Teatrında “Bir teatrın sirri” layihəsi keçiriləcək

Naxçıvan Dövlət Milli Dram Teatrında “Bir teatrın sirri” layihəsi keçiriləcək

08 Mart 2026

10 mart – Milli Teatr Günü münasibətilə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrı tərəfindən “Bir teatrın sirri” adlı layihə həyata keçiriləcək.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, layihə çərçivəsində 10 mart tarixində teatrda Açıq qapı günü təşkil olunacaq. Saat 10:00-dan 17:00-dək davam edəcək tədbirdə tamaşaçılar teatrın fəaliyyəti ilə yaxından tanış olmaq, səhnə arxası prosesləri görmək və teatr mühiti ilə daha yaxından ünsiyyət qurmaq imkanı əldə edəcəklər.

Tədbir proqramına uyğun olaraq gün ərzində müxtəlif panel görüşləri və təlimlər də keçiriləcək. Saat 12:00-da rəqəmsal iqtisadiyyat üzrə ekspert Təhmasib Quluzadə tərəfindən “Teatr marketinqi və satışın təşkili” mövzusunda I panel görüşü təşkil olunacaq. Görüşdə teatr sahəsində marketinq strategiyaları, tamaşaçı auditoriyasının genişləndirilməsi və satış mexanizmləri haqqında fikir mübadiləsi aparılacaq.

Saat 15:00-da Səyyar Bayat (Məmmədov) tərəfindən “Müasir dramaturgiya və problemləri” mövzusunda təlim keçiriləcək. Təlim zamanı müasir dramaturgiyanın inkişaf istiqamətləri, teatr prosesində qarşıya çıxan problemlər və yeni yaradıcı yanaşmalar müzakirə olunacaq.

Layihənin yekun mərhələsi olaraq saat 19:30-da böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun məşhur O olmasın, bu olsun operettası tamaşaçılara təqdim ediləcək.

“Bir teatrın sirri” layihəsi teatr sənətinin təbliği, tamaşaçıların teatr mühiti ilə daha yaxından tanış olması və teatr sənətinə marağın artırılması məqsədi daşıyır. Tədbir çərçivəsində keçiriləcək görüş və təqdimatlar teatr sənətinin müxtəlif istiqamətlərini əhatə etməklə iştirakçılara yeni bilik və təcrübələr qazandıracaq.