
Naxçıvan Muxtar Respublikasında “Uşaq Hüquqları Aylığı”na start verilib
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) “Uşaq Hüquqları Aylığı” ilə bağlı müraciət yayıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müraciətdə qeyd olunur ki, uşaqların hüquqlarının müdafiəsi və onların hərtərəfli inkişafı dövlətin və cəmiyyətin əsas prioritetlərindən biridir. Bu sahədə hüquqi mexanizmlərin tətbiqi və institusional tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət daşıyır.
Vurğulanır ki, uşaqların yaşına, inkişaf səviyyəsinə və sosial vəziyyətinə baxmayaraq, onların hüquqlarının qorunması ümumbəşəri prinsiplərə əsaslanmalı və ayrı-seçkiliyə yol verilmədən təmin edilməlidir. Uşaqların ali mənafeyinin qorunması prinsipi dövlət orqanlarının, yerli özünüidarəetmə qurumlarının, hüquqi və fiziki şəxslərin fəaliyyətində rəhbər tutulmalıdır.
Bildirilib ki, 1989-cu il 20 noyabr tarixində Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi tərəfindən qəbul olunmuş “Uşaq Hüquqları haqqında” Konvensiya bu sahədə beynəlxalq hüququn əsas sənədlərindən biridir. Bu Konvensiya uşaqların hüquqlarının müdafiəsinə dair dövlətlərin öhdəliklərini müəyyən edir və dünyanın ən geniş ratifikasiya olunmuş beynəlxalq sənədlərindən sayılır.
Konvensiyanın qəbul olunmasının 36-cı ildönümü ilə əlaqədar olaraq, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən ölkə üzrə 20 oktyabr – 20 noyabr tarixləri “Uşaq Hüquqları Aylığı” elan edilib. Aylıq çərçivəsində uşaq hüquqlarının müxtəlif aspektləri üzrə maarifləndirici tədbirlər, hüquqi təhlillər və ictimai müzakirələrin keçirilməsi planlaşdırılır.
Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili bütün aidiyyəti dövlət qurumlarını, yerli idarəetmə orqanlarını, vətəndaş cəmiyyəti institutlarını və digər maraqlı tərəfləri “Uşaq Hüquqları Aylığı” çərçivəsində fəal iştirak etməyə, uşaq hüquqlarının müdafiəsi və təşviqi istiqamətində birgə fəaliyyət göstərməyə çağırıb.
