Naxçıvan Muxtar Respublikasının yaradılmasından 102 il ötür
Bu gün Naxçıvan Muxtar Respublikasının yaradılmasının 102 ili tamam olur.
“NAXÇIVANXƏBƏRLƏRİ”nin məlumatına görə, 1924-cü il fevralın 9-da Naxçıvan muxtariyyət statusu alıb.
Naxçıvan Muxtar Respublikası inzibati cəhətdən 7 rayon və Naxçıvan şəhər inzibati ərazi dairəsindən ibarətdir. Muxtar respublikada 5 şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8 şəhər tipli qəsəbə və 206 kənd olmaqla, ümumilikdə 219 yaşayış məntəqəsi mövcuddur. Muxtar respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.
Naxçıvanın davamlı inkişafında Ümummilli Lider Heydər Əliyevin böyük xidmətləri olub. Ulu Öndər hakimiyyətə gəldiyi ilk dövrlərdən etibarən Naxçıvanı daim diqqət mərkəzində saxlayıb, muxtar respublikanın gələcəyi ilə bağlı mühüm qərarların təşəbbüskarı olub. 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının dövlət rəmzi kimi qəbul edilməsi dövrün mürəkkəb ictimai-siyasi proseslərinə həlledici təsir göstərərək Azərbaycanın müstəqilliyə doğru yolunu sürətləndirib.
2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Naxçıvanın igid övladları şanlı Zəfər tariximizə parlaq səhifələr yazıblar.
Prezident İlham Əliyev prezidentliyi dövründə dəfələrlə Naxçıvan Muxtar Respublikasına səfər edib. Bu müddətdə dövlət başçısı muxtar respublikanın sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair çoxsaylı sərəncamlar imzalayıb, mühüm dövlət proqramlarını təsdiqləyib.
Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nı və 2023-cü il 30 dekabr tarixli “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” Sərəncamı imzalaması Naxçıvanın zəngin dövlətçilik tariximizdə və ölkəmizin inkişafında mühüm yer tutduğunu bir daha təsdiqləyir.








