Naxçıvan şəhərində məskunlaşma ərazisi 2630 hektara çatdırılacaq

Naxçıvan şəhərində məskunlaşma ərazisi 2630 hektara çatdırılacaq

11 Avqust 2026

Naxçıvanın gələcək inkişafı şəhərin artım potensialı nəzərə alınmaqla planlaşdırılıb. Baş Plana əsasən, göstərilən müddət ərzində məskunlaşma ərazisinin 1831 hektardan 2630 hektara çatdırılması nəzərdə tutulur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva "Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı" ilə tanış olarkən bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib.

Şəhərin mövcud ərazisinin təxminən 44 faiz genişlənəcəyi, əhali sayının isə 97 min 200 nəfərdən 130 min nəfərə çatacağı proqnozlaşdırılır.

Əhalinin sıxlığı nəzərə alınaraq yaşayış fondunun 3,9 milyon kvadratmetrə çatdırılması hesablanıb. Bu, orta hesabla adambaşına 30 kvadratmetr yaşayış sahəsinin təmin olunmasına imkan verəcək və yeni yaşayış məhəllələrinin sosial, nəqliyyat və mühəndis infrastrukturu ilə kompleks şəkildə formalaşdırılmasına şərait yaradacaq.

Şəhərin böyüməsi ilə paralel olaraq sosial infrastruktur da genişləndiriləcək. Təhsil və səhiyyə xidmətləri nəzərə alınaraq, ümumtəhsil müəssisələrinin tutumu 23 min 400, məktəbəqədər təhsil müəssisələrinin tutumu 7 min 800, xəstəxanaların çarpayı fondu isə 650 yerə çatdırılacaq. Xidmət, nəqliyyat və logistika, sənaye, tikinti, turizm və aqrar sektorların inkişafı hesabına məşğulluq səviyyəsinin də 40 faizə yaxın artaraq 78 min nəfərə çatacağı gözlənilir.

Beləliklə, Orta Dəhlizin strateji əhəmiyyətli hissəsi olan Naxçıvan şəhəri 2044-cü ilədək daha böyük potensiala malik yaşayış məkanı kimi inkişaf edəcək. Şəhərin tarixi-mədəni irsini müasir şəhərsalma prinsipləri ilə uzlaşdıran yeni Baş Plan onun dayanıqlı, inklüziv və insanyönümlü regional mərkəz kimi inkişafının strateji əsasını formalaşdıracaq.