Naxçıvanda 9 illik təhsil üzrə imtahan keçirilib

Naxçıvanda 9 illik təhsil üzrə imtahan keçirilib

17 May 2026

Dövlət İmtahan Mərkəzi (DİM) bu gün əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı, müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən və ya tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı, aprel ayında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı keçirib.

DİM-dən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, imtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Göyçay, Quba rayonlarında və Naxçıvan MR-də təşkil olunub.

İlkin məlumatlara əsasən, 1 nəfərdə mobil telefon aşkar olunduğu üçün imtahandan xaric olunub və araşdırma aparılacaq.

Ümumilikdə imtahanların idarə olunmasına 33 ümumi imtahan rəhbəri, 92 imtahan rəhbəri, 699 nəzarətçi, 94 buraxılış rejimi əməkdaşı və 33 bina nümayəndəsi ayrılıb.

Mayın 18-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq. İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 4 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.