
Naxçıvanda çörək müəssisəsində ciddi nöqsanlar aşkarlanıb - FOTO
Naxçıvan Muxtar Respublikasının Qida Təhlükəsizliyi Agentliyi tərəfindən aparılan dövlət nəzarəti tədbirləri zamanı Kəngərli rayonunun Xok kəndində fəaliyyət göstərən Abtalıbov Sabir Zakir oğluna məxsus çörək emalı müəssisəsində ciddi nöqsanlar müəyyən edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, yoxlama zamanı müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, alət və avadanlıqların təmiz saxlanılmadığı, qapı və pəncərələrdə qoruyucu torlardan istifadə edilmədiyi, dezinfeksiya işlərinin aparılmadığı, işçilərin tibbi müayinədən keçmədiyi və obyektin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı aşkar olunub. Bundan əlavə, müəssisənin təmirə ehtiyacı olduğu da müəyyən edilib.
Aşkarlanmış çatışmazlıqların aradan qaldırılması üçün müəssisə rəhbərliyinə müvafiq göstərişlər verilib və nöqsanlar aradan qaldırılanadək müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Agentlikdən bildirilib ki, bu kimi halların qarşısını almaq məqsədilə qida obyektləri dəfələrlə maarifləndirilib və göstərişlərlə təmin olunub. İstehlakçı hüquqlarının qorunması istiqamətində nəzarət tədbirlərinin davam etdiriləcəyi və aşkarlanan nöqsanlarla bağlı zəruri tədbirlərin görüləcəyi vurğulanıb.