
Naxçıvanda Dövlət Vergi Xidmətinə işə qəbulla bağlı müsabiqə başa çatıb
Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə işə qəbulla əlaqədar cari ilin martın 18-də elan olunmuş müsabiqə başa çatıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, muxtar respublikanın dövlət vergi orqanlarına işə qəbulla bağlı ümumilikdə 357 müraciət daxil olub və onlardan 227 namizəd müsabiqədə iştirak hüququ qazanıb. Dövlət İmtahan Mərkəzi tərəfindən 2025-ci il mayın 17-də Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirilib.
Ümumilikdə 109 namizəd müsabiqə şərtini ödəyərək ikinci mərhələyə - müsahibəyə buraxılıb. Müsahibə mərhələsini müvəffəqiyyətlə keçən 44 namizəd vergi orqanlarının kadr ehtiyatına daxil edilib. Uğur qazanan namizədlər kadr ehtiyat bazasından mütəmadi qaydada vakant vəzifələrə təyin olunacaqlar.
Müsahibənin nəticəsi ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin və Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (www.taxes.gov.az və www.ntaxes.gov.az) rəsmi internet səhifəsidən tanış ola bilərsiniz.