Naxçıvanda ilk mərhələdə 28 yarımstansiya yenidən qurulacaq

Naxçıvanda ilk mərhələdə 28 yarımstansiya yenidən qurulacaq

05 Avqust 2025

Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 5 avqust tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpasına dair 2026-2030-cu illəri əhatə edən Tədbirlər Planı təsdiqlənib. 

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbirlər “Azərişıq” ASC tərəfindən mərhələli şəkildə icra olunacaq.

Sənədə əsasən, 110 və 35 kV-luq elektrik verilişi xətlərinin çəkilməsi və yarımstansiyaların yenidən qurulması planlaşdırılır. Bu istiqamətdə 2026-2028-ci illərdə Koroğlu, Nehrəm, Sədərək, Şərur, Mahmudkənd, Düyülün, Qışlaq, Cəhri, Qərabəglar, Əbrəqunus, Sələsüz və digər yarımstansiyaların müasir tələblərə uyğun şəkildə bərpası nəzərdə tutulur.

2026-2030-cu illər ərzində Babək, Şahbuz, Sədərək, Culfa, Kəngərli, Ordubad və Şərur rayonlarında istismar müddəti bitmiş transformator məntəqələrinin yenilənməsi və 6-10 kV-luq elektrik xətlərində yenidənqurma işləri aparılacaq. Həmçinin itkilərin azaldılması məqsədilə 0.4 kV-luq şəbəkələrdə izolyasiyalı naqillərin quraşdırılması nəzərdə tutulur.

Şəbəkənin avtomatik idarə olunması məqsədilə SCADA sisteminin qurulması, istismar müddəti keçmiş sayğacların ağıllı sayğaclarla əvəz edilməsi və paylayıcı şəbəkələrin müasir texniki vasitələrlə təchiz olunması da planın əsas istiqamətlərindəndir.

Bu tədbirlər Naxçıvanda elektrik enerjisi sisteminin dayanıqlığını artıracaq, fasiləsiz və təhlükəsiz enerji təchizatını təmin edəcək.