Naxçıvanda poçt və telekommunikasiya sahəsi üzrə yeni idarəetmə modeli yaradılıb

Naxçıvanda poçt və telekommunikasiya sahəsi üzrə yeni idarəetmə modeli yaradılıb

30 Yanvar 2026

Naxçıvan Muxtar Respublikasında poçt və telekommunikasiya sahəsində idarəetmənin təkmilləşdirilməsi, infrastrukturun modernləşdirilməsi və xidmət keyfiyyətinin yüksəldilməsi məqsədilə yeni hüquqi və institusional model formalaşdırılıb. Bu çərçivədə müvafiq qərara əsasən “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, MMC-nin Nizamnaməsi təsdiq edilib, dövlət qeydiyyatına alınaraq hüquqi şəxs kimi fəaliyyətə başlaması üçün zəruri prosedurlar tamamlanıb. Hazırda Mərkəzin təşkilati strukturunun formalaşdırılması, ştat cədvəlinin təsdiqi, kadrların komplektləşdirilməsi, funksional bölmələrin yaradılması və idarəetmə mexanizmlərinin qurulması istiqamətində ardıcıl işlər görülür.

Yeni yaradılmış Mərkəzin əsas məqsədi poçt və telekommunikasiya sahəsində mövcud resursların vahid idarəetmə altında birləşdirilməsi, idarəetmədə çevikliyin artırılması, xərclərin optimallaşdırılması, texniki və insan resurslarından səmərəli istifadə, eləcə də müasir xidmət modellərinin tətbiqidir. Bu struktur vasitəsilə poçt rabitəsi, internet və digər rəqəmsal xidmətlər üzrə planlaşdırma, istismar, inkişaf və nəzarət funksiyalarının koordinasiyalı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.

Mərkəzin fəaliyyət istiqamətləri sırasında poçt və telekommunikasiya infrastrukturunun modernləşdirilməsi, fiber-optik və rəqəmsal şəbəkələrin genişləndirilməsi, xidmət keyfiyyətinin beynəlxalq standartlara uyğunlaşdırılması, elektron xidmətlərin tətbiqi, vahid texniki standartların formalaşdırılması, kadr potensialının gücləndirilməsi əsas prioritetlər kimi müəyyən edilib.

Eyni zamanda “Naxçıvan Poçt və Telekommunikasiya Mərkəzi” MMC “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda nəzərdə tutulmuş rəqəmsal infrastrukturun genişləndirilməsi, yüksək sürətli internetə çıxışın təmin edilməsi və əhalinin rabitə xidmətlərinə əlçatanlığının artırılması üzrə tədbirlərin icrasında aparıcı rol oynayacaq.

Qeyd edək ki, hazırda təşkilati quruculuq mərhələsi davam edir. Yaxın dövrdə struktur bölmələrinin tam formalaşdırılması, fəaliyyət planlarının təsdiqi, investisiya və texniki inkişaf proqramlarının hazırlanması, həmçinin poçt və telekommunikasiya xidmətlərinin vahid konsepsiya əsasında yenidən təşkili planlaşdırılır.

Beləliklə, yeni Mərkəzin yaradılması muxtar respublikada rabitə və poçt sektorunun institusional baxımdan yeni mərhələyə keçidini, xidmətlərin keyfiyyətcə yüksəlməsini və rəqəmsal transformasiyanın sürətlənməsini hədəfləyən strateji addım kimi qiymətləndirilir.