Naxçıvanda uşaqlar üçün qanvermə aksiyası keçirilib -

Naxçıvanda uşaqlar üçün qanvermə aksiyası keçirilib - FOTO

22 May 2026

Naxçıvan Muxtar Respublikasında uşaqların sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar hemofiliyalı, talassemiyalı və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlara dəstək məqsədilə qanvermə aksiyası keçirilib.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, aksiya “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları aksiyada iştirak ediblər. Könüllülər qanvermədən əvvəl tibbi müayinədən keçiriliblər.

Aksiya zamanı hemofiliyalı, talassemiyalı və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün ümumilikdə 13 litr qan toplanılıb.

Qeyd edək ki, qanvermə aksiyasının keçirilməsi artıq ənənə halını alıb. Əsas məqsəd muxtar respublikada yaşayan irsi qan xəstəliklərindən əziyyət çəkən sağlamlıq imkanları məhdud uşaqlara yardım göstərmək, onlara dəstək olmaqdır.