Naxçıvanda YAP-ın təşkilatçılığı ilə ilin yekun tədbiri keçirilib - FOTO
Dekabrın 24-də Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatı tərəfindən “Konstitusiya və Suverenlik İli” çərçivəsində fəaliyyətin yekunlarına, eləcə də 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramına həsr olunmuş tədbir keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tədbirdə iştirak edib.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov tədbirdə çıxış edərək bildirib ki, Yeni Azərbaycan Partiyası yaranan gündən etibarən milli maraqlara əsaslanan siyasəti, güclü dövlət idarəçiliyini, xalqla hakimiyyət birliyini və davamlı sosial-iqtisadi inkişafı əsas prinsip kimi qəbul edib. Bu ideyalar təkcə partiyanın deyil, bütövlükdə, Azərbaycan dövlətinin inkişaf fəlsəfəsinə çevrilib. Bu gün “Konstitusiya və Suverenlik İli”nin qeyd olunması da məhz bu siyasi-fəlsəfi xəttin davamı kimi xüsusi məna daşıyır.
Səlahiyyətli nümayəndə vurğulayıb ki, Konstitusion dəyərlərin qorunması və dövlət suverenliyinin möhkəmləndirilməsi möhtərəm cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas prioritetlərindən biri olmaqla Yeni Azərbaycan Partiyasının fəaliyyətində də ideoloji əsas kimi çıxış edir. Partiyanın inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Onun partiya rəhbərliyində təmsil olunması Yeni Azərbaycan Partiyasının ictimai dayaqlarını möhkəmləndirib, humanist və müasir idarəçilik yanaşmalarını gücləndirib. Naxçıvan Muxtar Respublikasında da Yeni Azərbaycan Partiyasının üzvləri dövlət siyasətinin icrasında fəal iştirak edir, ictimai-siyasi sabitliyin qorunmasına və islahatların cəmiyyətə düzgün çatdırılmasına mühüm töhfə verirlər. Partiyaya artan maraq isə dövlətçilik dəyərlərinə sadiq, məsuliyyətli və milli maraqları üstün tutan yeni nəslin formalaşmasına xidmət edən sağlam ideoloji mühitin göstəricisidir.
Azərbaycan xalqının öz Prezidentini güclü dövlətçilik iradəsinin, qətiyyətli liderliyin və milli maraqlara sədaqətin simvolu kimi qəbul etdiyini və onun ətrafında sıx birləşdiyini bildirən Ceyhun Cəlilov xalqın etimadını qazanan Prezident İlham Əliyevi doğum günü münasibətilə səmimi-qəlbdən təbrik edib, ona möhkəm cansağlığı, uzun ömür və Azərbaycan dövlətinin inkişafı naminə şərəfli fəaliyyətində yeni uğurlar arzulayıb.
Səlahiyyətli nümayəndə, həmçinin tədbir iştirakçılarını qarşıdan gələn 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib, yeni nailiyyətlər arzulayıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədri Elman Cəfərli ilin yekunu, nailiyyətlər və qarşıda duran vəzifələrdən bəhs edərkən bildirib ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda təsis edilən Yeni Azərbaycan Partiyası müstəqil dövlətçiliyimizin və ümummilli maraqların təmin edilməsi naminə cəmiyyətimizin bütün təbəqələrinin qüvvəsini səfərbər edən ən böyük siyasi partiyadır. Bu gün partiyanın 740 mindən artıq üzvü var. Naxçıvan Muxtar Respublikası üzrə bu say 58 mini ötür ki, onun da 18 min 600 nəfəri Naxçıvan şəhər sakinidir. Təşkilatın üzvlərinin 33 faizini gənclər təşkil edir.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev qeyd edib ki, Yeni Azərbaycan Partiyası cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin rəhbərliyi ilə ötən dövrdə daha da inkişaf edib, güclənib, nəinki ölkənin, hətta Cənubi Qafqazın ən böyük siyasi partiyasına çevrilib. Bu gücü, bu yeniliyi hər il inkişaf edən, çiçəklənən Naxçıvanın simasında da görmək mümkündür.
“Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin sədri, şəhid baş leytenant Amin Gülməmmədovun atası Mais Gülməmmədov çıxış edərək təbriklərini çatdırıb.
Tədbirin davamında fəal partiya üzvləri mükafatlandırılıblar.
Tədbir bədii hissə ilə davam edib.
Yeni Azərbaycan Partiyası himninin səsləndirilməsi ilə tədbirə yekun vurulub.














