Həmkarlar ittifaqı üzvləri üçün Ağbulaqda istirahət təşkil olunub - FOTO
Yanvarın 31-də Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə növbəti 53 nəfər həmkarlar ittifaqı üzvü üçün Ağbulaq İstirahət Mərkəzində iki günlük həftəsonu qış istirahət proqramı həyata keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, istirahət proqramı çərçivəsində iştirakçılar üçün canlı musiqi proqramı, intellektual bilik yarışı, şahmat turniri, eləcə də cizgi film personajlarının iştirakı ilə əyləncəli tədbirlər təşkil olunub. Bu fəaliyyətlər iştirakçıların asudə vaxtının daha maraqlı və yaddaqalan keçməsinə şərait yaradıb.
Onlar gündə üç dəfə təqdim olunan dadlı yeməklərdən yararlanmaqla yanaşı, xizək meydançası, kirşə və kanat xəttindən də istifadə ediblər.
Qeyd edək ki, həftəsonu qış istirahət proqramı çərçivəsində həmkarlar ittifaqı üzvləri yollayışların dəyərinin cəmi 15 faizini ödəməklə Ağbulaq İstirahət Mərkəzində yaradılan bütün şərait və xidmətlərdən geniş şəkildə faydalanmaq imkanı əldə edirlər.













