Ordun varsa, yurdun var - Ümummilli Lider Heydər Əliyevin Milli Ordu siyasəti
Müstəqil Azərbaycan dövlətçiliyinin bərpası və inkişafı xalqımızın Ümummilli lideri Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə Azərbaycanın hərtərəfli inkişafına, qüdrətlənməsinə öz töhfəsini verərək, onun, bugünki və gələcək inkişaf strategiyasını müəyyən etmişdir.
Azərbaycan Milli ordusunu müstəqil dövlətimizin memarı və qurucusu Ulu Öndər Heydər Əliyev formalaşdırmışdır. Qarşısına qoyulan hər hansı tapşırığı yüksək səviyyədə yerinə yetirmək iqtidarına malik Azərbaycan Silahlı Qüvvələri bu gün NATO standartları səviyyəsindədir. Vahid komandanlığa tabe olan, müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan ordusu Ümummilli lider Heydər Əliyevin başlatdığı və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi müdrik siyasət nəticəsində gündən-günə daha da möhkəmlənərək, döyüş qabiliyyətini artırmaqdadır. Azərbaycan beynəlxalq aləmdə sabit bir iqtisadiyyata malik ölkə kimi tanınmaqla yanaşı, həm də NATO standartlarına uyğunlaşmış modern ordusu ilə də diqqətləri cəlb edir.
1918-ci il iyunun 26-da Əlahiddə Azərbaycan Korpusunun yaradılması ilə ordu quruculuğunun əsası qoyulsa da, Xalq Cümhuriyyəti süqut etdikdən sonar ölkəmizdə milli ordu quruculuğu prosesi dayandı. Ulu Öndər Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra, müstəsna xidmətləri sayəsində ölkəmizdə milli hərbi kadrların hazırlanması prosesi başladı. Ümummilli liderin təşəbbüsü ilə 1971-ci ildə Bakıda Cəmşid Naxçıvanski adına Hərbi məktəb yaradıldı. O zaman bu qərarı vermək böyük cəsarət tələb edirdi. Azərbaycanda milli hərbi kadr hazırlığı üçün baza rolunu oynayacaq məktəbin yaradılmasına o vaxtkı SSRİ rəhbərliyi isti münasibət göstərmədi. Həmin dövrdə bir-birinin ardınca Moskvadan Bakıya göndərilən komissiyalar Azərbaycanda belə bir hərbi məktəbə ehtiyac olmadığını əsaslandırmağa çalışsalar da, Ümummilli liderin mahir diplomatiyası və müdrik siyasəti bu cəhdlərin qarşısını almışdı. Bakıda hərbi məktəbin açılması və fəaliyyəti Azərbaycanda hərb sənətinə marağın güclənməsinə, azərbaycanlı zabit kadrların hazırlanmasına gətirib çıxarmışdı. Təsadüfü deyil ki, C.Naxçıvanski adına Hərbi Məktəb Azərbaycan müstəqilliyini bərba edəndən sonra ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Sonralar Ulu Öndər deyirdi: “Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşündük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına Lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram. Və, nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam”.
1991-ci ilin sonlarında SSRİ-nin dağılması nəticəsində öz müstəqilliyini yenidən bərpa edən Azərbaycan mürəkkəb ictimai-siyasi durumla üzləşmişdi. Ovaxtkı Ali Sovet Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin yaradılması barədə qərar qəbul etsə də, müstəqilliyin ilk illərində ordu quruculuğunda ciddi qüsurlara yol verildi, Azərbaycan Ordusunun yaranması sadəcə kağız üzərində qaldı. Ölkədəki ağır vəziyyət və iqtidarda olanların yaratdıqları xaos, özbaşınalıq, hərc-mərclik müstəqilliyimizi təhlükə qarşısında qoydu. Bundan istifadə edən düşmən torpaqlarımızın işğalını davam etdirir, ayrı-ayrı silahlı birləşmələr isə müxtəlif qrupların maraqlarına xidmət edirdilər. 1993-cü ilin yayında Ümummilli lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra ordu quruculuğu istiqamətində mühüm addımlar atıldı. Xüsusilə 1994-cü il sentyabrın 20-də imzalanan “Əsrin müqaviləsi” neft kontraktından sonra ölkəmiz iqtisadi cəhətdən qüdrətlənməyə başladı ki, bu da peşəkar ordu quruculuğu prosesinə öz töhfəsini verdi.
2003-cü ilin oktyabrında Azərbaycan xalqı qətiyyətlə öz sözünü deyərək, Ulu Öndərin siyasi kursunun davam etdirilməsinə səs verdi. Bu tarixdən etibarən İlham Əliyevin rəhbərlyi altında Azərbaycanda ordu quruculuğu ilə bağlı geniş miqyaslı islahatlara başlanıldı. Qısa müddətdə hərbi hissələrin, ayrı-ayrı qoşun növlərinin formalaşdırılması tam başa çatdırıldı. Dövlətçiliyi və hərbi andı hər şeydən uca tutan, hərbçi olmağı şərəf bilən zabitlər hərbi hissələrin rəhbərliyinə cəlb olundular. Ordunun mərkəzləşdirilmiş maddi-texniki təminatı əhəmiyyətli dərəcədə yaxşılaşdırıldı, maliyyə-təsərrüfat fəaliyyəti nizama salındı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı və döyüş ruhu yüksəldildi. Silahlı Qüvvələrin mükəmməl qanunvericilik bazası yaradıldı.
Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev əsgər və zabitlərlə təmas xəttində görüşür, keçirilən hərbi təlimlərə özü şəxsən rəhbərlik edirdi. O, Azərbaycan ordusunun təşkilatlanmasını, böyük qüvvvəyə çevrilməsini məmnunluqla qeyd edirdi: “1993-cü ilin sonlarından başlayaraq həyata keçirilmiş xüsusi tədbirlər nəticəsində milli ordu quruculuğu keyfiyyətcə yeni mərhələyə qədəm qoydu, qısa müddətdə vahid komandanlığa tabe olan nizami ordu formalaşdırıldı. Hazırda Azərbaycan Silahlı Qüvvələri müasir hərbi texnika ilə təchiz edilmiş, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordudur. Milli Ordumuz müstəqil dövlətimizin ən böyük dayağı, xalqımızın təhlükəsizliyinin və ölkəmizin ərazi bütövlüyünün təminatçısıdır”.
Azərbaycan ordusu qısa müddət ərzində əhəmiyyətli dərəcədə inkişaf yolu keçərək, bölgənin ən güclü qüvvəsinə çevrildi. Silahlı Qüvvələrin qısa vaxtda güclənməsinin və uğurlu şəkildə təşkilatlanmasının ən başlıca səbəbi Ulu Öndərin siyasi kursunun ölkədə ləyaqətlə davam etdirilməsi idi. Azərbaycanın müstəqilliyinə, xalqının milli maraqlarına dərindən bağlı olan İlham Heydər oğlu, müstəsna dövlətçilik təcrübəsi, təşkilatçılıq bacarığı, yorulmaz işgüzarlığı ilə ordu quruculuğuna xüsusi bir önəm verdi, məqsədyönlü əzmkarlıq göstərərək məqsədinə nail oldu. Bugün İlham Əliyevin rəhbərliyi altında ordumuz davamlı inkişaf və təkmilləşmə dövrünü yaşayır. Silahlı Qüvvələrin Ali Baş Komandanı ordu quruculuğu, eləcə də milli təhlükəsizlik siyasəti ilə bağlı mühüm tədbirlər həyata keçirir. Milli ordunun müdafiə qüdrətinin və döyüş qabiliyyətinin artırılması, maddi-texniki təchizatının yaxşılaşdırılması, o cümlədən, hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi bu siyasətin prioritet istiqamətlərindəndir.
Ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu peşəkar ordu quruculuğunun, qurulan güclü iqtisadiyyatın, aparılan uğurlu diplomatiyanın məntiqi nəticəsi idi ki, Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında, 2020-ci ilin payızında, cəmi 44 gün əzrində XXI əsrin müharibə taktikasını nümayiş etdirərək möhtəşəm Zəfərimizi təmin etdi. Bir sərkərdə kimi İlham Əliyev, xalqın bütün təbəqələrini öz ətrafında birləşdirərək, Dəmir yumruğu düşmənin və onun məkirli havadarlarının başına endirdi.
Azərbaycan Silahlı Qüvvələri gündən-günə daha da modernləşdirilir, yüksək hərbi texnologiyalar orduya cəlb etdirilir. Keçirilən möhtəşəm paradlar və hərbi təyinatlı sərgilər də bunu təsdiq etməkdədir. Bu sərgilərdə nümayiş etdirilən yeni nəsil silahlar, texnoloji avadanlıqlar sadəcə inkişaf etmiş ölkələrdə mövcuddur. Ölkə başçısının çevik və uğurlu siyasəti nəticəsində Azərbaycan özünün müdafiə sənayesini yaradaraq müasir silahlar istehsal etməkdədir. Süni intellekt dəstəkli, hərbi sektorda artıq 5-ci nəsl sayılan həmin silahlar ordumuzun maddi-texniki təminatı ilə yanaşı, ölkəmizin ixrac potensialını artırmaqla büdcəmizə əlavə gəlir gətirməkdədir.
Silahlı Qüvvələrin bugünki inkişafı, 44 günlük Zəfərimiz və daha sonrakı uğurlarımız, Xankəndi və ətrafında separatçı qüvvələrə qarşı keçirilən ildırımsürətli lokal antiterror əməliiyyatı, Ermənistan rəsmilərinin Azərbaycanın ərazi bütövlüyünü tanıması, xarici düşmənlərimizin ritorik bəyanatlardan geri çəkilərək Azərbaycana sülh və əməkdaşlıq təklifləri Ulu Öndərin siyasi kursunun uğuru, Ali Baş Komandan İlham Əliyevin diplomatiyasının məntiqi nəticəsi, haqqın və ədalətin təntənəsidir!
Abasət NURİYEV
Cəmşid Naxçıvanski Muzeyinin direktoru









