Payızın ənənəsi – qış süfrəsi üçün əriştə kəsilir - FOTO
Payızın gəlişi ilə Babək rayonunun Kültəpə kəndində qışa hazırlıq işləri də başlayıb. Kənd sakinləri illərdən bəri yaşadılan ənənəyə uyğun olaraq bir araya gələrək qış süfrələrinin sevilən təamlarından olan əriştə hazırlayırlar.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, əriştənin hazırlanması zəhmət və xüsusi bacarıq tələb edir. Əvvəlcə xəmir yoğurulur, kündələr hazırlanaraq nazik şəkildə yayılır. Daha sonra yayılan xəmir layları doğranaraq əriştə halına salınır və qurudulmaq üçün sərilir. Bütün proses əl əməyi ilə həyata keçirilir.
Kültəpədə əriştə kəsimi yalnız qış üçün tədarük hazırlamaqla məhdudlaşmır. Qonşuların və yaxınların bir araya gəldiyi bu günlər kənd həyatına xüsusi ab-hava qatır. Bir süfrə ətrafında görülən iş, edilən söhbətlər və qarşılıqlı kömək illərdir yaşadılan birlik və paylaşma ənənəsini də özündə əks etdirir.
Hazırlanan əriştələr qurudulduqdan sonra qış aylarında istifadə üçün saxlanılır. Əl əməyi ilə ərsəyə gələn bu təam soyuq qış günlərində kənd süfrələrinin ənənəvi nemətlərindən biri kimi öz yerini alır.
Kültəpədə bu gün də yaşadılan əriştə kəsimi ənənəsi kənd məişətinin özünəməxsusluğunu, milli mətbəximizin zənginliyini və nəsildən-nəslə ötürülən adətlərin qorunub saxlanıldığını göstərir.











