Qərbi Azərbaycan İcmasında xüsusi komissiya yaradılıb
Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley tədbirindəki çıxışında toxunduğu Qərbi Azərbaycan məsələsinə dair çağırışından sonra xüsusi komissiya yaradılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, komissiyanın yaradılmasında məqsəd Qərbi Azərbaycanla bağlı indiyədək məlum olmayan mənbələri üzə çıxarmaqdır:
"Qərbi Azərbaycan İcması yarandığı gündən etibarən Qərbi Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində fəaliyyət göstərib. Prezidentin bu çağırışından sonra icmada xüsusi komissiya yaradılıb. Biz Qərbi Azərbaycanla bağlı indiyədək məlum olmayan mənbələri üzə çıxarmaq və Azərbaycan həqiqətlərini daha geniş şəkildə təqdim etmək üçün bütün imkanlarımızı səfərbər edəcəyik".








