“Qərbi Azərbaycana qayıdışın hüquqi və konstitusional əsasları: Milli və beynəlxalq normalar kontekstində” mövzusunda konfrans keçirilib - FOTO
Dekabrın 25-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Qərbi Azərbaycana qayıdışın hüquqi və konstitusional əsasları: Milli və beynəlxalq normalar kontekstində” mövzusunda konfrans keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, konfransda Ombudsman aparatı, məhkəmə və prokurorluq orqanlarının, mərkəzi və yerli icra hakimiyyəti qurumlarının nümayəndələri, qərbi azərbaycanlılar, universitetin professor-müəllim heyəti və tələbələri, eləcə də qeyri-hökumət təşkilatlarının və media qurumlarının təmsilçiləri iştirak ediblər.
Əvvəlcə konfransda Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də ötən ilin dekabrın 25-də Aktau yaxınlığında baş vermiş “Azərbaycan Hava Yolları”na məxsus təyyarə qəzası zamanı həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Dövlət Universitetinin rektoru, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin rəhbəri Elbrus İsayev və Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Günay Rzayeva giriş sözü ilə çıxış edərək insan hüquq və azadlıqları kontekstində qərbi azərbaycanlıların hüquqlarının təmin olunmasının əhəmiyyəti, Qərbi Azərbaycana qayıdışın hüquqi əsasları və bu istiqamətdə həyata keçirilən dövlət siyasəti barədə ətraflı məlumat veriblər.
Konfrans Ombudsman aparatı tərəfindən hazırlanmış videoçarxın nümayişindən sonra panel müzakirəsi ilə davam etdirilib.
Ombudsman aparatının əməkdaşı Nuranə Kərimovanın moderatorluğu ilə keçirilən panel iştirakçıları Qərbi Azərbaycana qayıdışın hüquqi və konstitusional əsasları: milli və beynəlxalq qanunvericilikdə ətrafında fikir mübadiləsi aparıblar.
Naxçıvan Muxtar Respublikası Prokurorluğunun əməkdaşı Faiq Səfərov “Qərbi azərbaycanlılara qarşı törədilmiş beynəlxalq cinayətlər və Ermənistanın məsuliyyəti”, Qərbi Azərbaycan İcmasının Naxçıvan Muxtar Respublikası üzrə Nümayəndəliyinin Ordubad rayonu üzrə nümayəndəsi Aytən Cəfərova “Qərbi azərbaycanlıların qayıdışı: Reallaşma perspektivləri və dövlət siyasəti”, Naxçıvan Dövlət Universitetinin əməkdaşları Mehriban İmanova “Qayıdışın iqtisadi əsaslandırılması: Resursların bərpası, yeni iqtisadi zonalar və investisiya imkanları”, Yunis Xəlilov isə “Qayıdışın hüquqi modeli: Məcburi köçkünlərin repatriasiyası üçün nümunəvi beynəlxalq təcrübələrin Azərbaycan kontekstində tətbiqi” mövzusunda çıxış ediblər.
Çıxışlar zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Qərbi Azərbaycana qayıdışla bağlı həyata keçirilən kompleks tədbirlər, o cümlədən “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası” çərçivəsində aparılan hüquqi, siyasi və diplomatik fəaliyyətlər iştirakçıların diqqətinə çatdırılıb.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb və mövzu ətrafında fikir mübadiləsi aparılıb.















