Qərbi Azərbaycanın bərpa olunan enerji mənbələri
Azərbaycan son illərdə bərpa olunan enerji sahəsində mühüm nailiyyətlər əldə edərək qlobal enerji xəritəsində öz mövqeyini daha da gücləndirib. Xarici investisiyaların cəlb edilməsi, beynəlxalq enerji şirkətləri ilə tərəfdaşlıq və günəş-külək elektrik stansiyalarının tikintisi ölkəmizin “yaşıl enerji” strategiyasının uğurlu nəticələridir.
Bu siyasətin əsasında Ümummilli Lider Heydər Əliyevin enerji strategiyası dayanır. Ulu Öndər qeyd edirdi ki, Azərbaycanın enerji sərvətləri təkcə indiki nəsil üçün deyil, gələcək nəsillər üçün də xidmət etməlidir. Bu gün həmin strateji xətt Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni mərhələyə qədəm qoyaraq bərpa olunan enerji sahəsində geniş imkanlar yaradır.
Dövlət başçısının vurğuladığı kimi, Azərbaycanın bərpa olunan enerji potensialı ölkənin böyük sərvətlərindən biridir və bu potensialın reallaşdırılması istiqamətində ardıcıl addımlar atılır. Bu strategiya gələcəkdə tarixi torpaqlarımızda qurulacaq həyatın iqtisadi baxımdan dayanıqlı və ekoloji cəhətdən təmiz olmasına zəmin yaradır.
Zəngəzur dəhlizi – yaşıl enerji körpüsü
Azərbaycanın enerji strategiyasında Zəngəzur dəhlizi xüsusi yer tutur. Bu dəhliz yalnız nəqliyyat və logistika marşrutu deyil, həm də enerji ixracı üçün mühüm platforma kimi nəzərdə tutulur.
Prezident İlham Əliyevin sözləri ilə desək, Zəngəzur dəhlizi gələcəkdə enerji daşınması üçün də mühüm rol oynayacaq. Bu isə Xəzər hövzəsindən və ölkə daxilindən əldə edilən enerji resurslarının regiondan keçərək beynəlxalq bazarlara çıxarılması deməkdir. Beləliklə, bölgə həm geosiyasi, həm də iqtisadi baxımdan daha böyük əhəmiyyət qazanacaq.
Yaşıl enerji zonası modeli
Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən “Yaşıl enerji zonası” konsepsiyası artıq uğurla tətbiq olunur. Bu model gələcəkdə Qərbi Azərbaycan ərazilərində də müasir texnologiyalar əsasında qurulacaq “ağıllı kənd” və “ağıllı şəhər” layihələrinin əsasını təşkil edə bilər.
Yeni infrastrukturun qurulması həmin ərazilərdə ekoloji təmiz iqtisadiyyatın, innovativ kənd təsərrüfatının və müasir sənayenin inkişafına geniş imkanlar yaradacaq.
Qərbi Azərbaycanın enerji potensialı
Qərbi Azərbaycan təbii resurslar baxımından olduqca zəngin bölgədir. Bu ərazilər hidroenerji, günəş və külək enerjisi üçün böyük potensiala malikdir. Araşdırmalara görə, regionun su enerji ehtiyatlarının potensialı təxminən 21,8 milyard kVt/saat təşkil edir və bunun 8,6 milyard kVt/saatından texniki cəhətdən istifadə etmək mümkündür.
Bölgədən yüzlərlə irili-xırdalı çay axır. Onların arasında Araz, Arpaçay, Zəngi, Bazarçay, Oxçuçay və digər çaylar mühüm hidroenerji ehtiyatına malikdir. Bu çaylar əsasən suvarma və elektrik enerjisi istehsalı üçün istifadə olunur.
Qərbi Azərbaycan ərazisində yeraltı su ehtiyatları da kifayət qədər zəngindir. Təkcə İrəvan çuxuru hövzəsində təxminən 29 milyard kubmetr artezian su ehtiyatı mövcuddur. Ümumilikdə bölgədə 8 mindən çox bulaq qeydə alınmışdır.
Günəş və külək enerjisi
Region günəş enerjisi baxımından da böyük imkanlara malikdir. Qərbi Azərbaycan ərazilərində il ərzində günəşli saatların sayı 2500–2800 saat arasında dəyişir. Günəş radiasiyasının yüksək olması bu ərazilərdə günəş elektrik stansiyalarının qurulması üçün əlverişli şərait yaradır.
Külək enerjisi potensialı da diqqətəlayiqdir. Bölgədə küləyin orta illik sürəti 7–8 m/s təşkil edir, bəzi ərazilərdə isə bu göstərici 15–20 m/s-ə qədər yüksəlir. Bu da külək elektrik stansiyalarının qurulması üçün əlverişli şərait yaradır.
Strateji əhəmiyyət
Qərbi Azərbaycan ərazisinin coğrafi mövqeyi də bu bölgənin enerji baxımından strateji əhəmiyyətini artırır. Region Türkiyə, Gürcüstan, İran və Azərbaycanla həmsərhəd olmaqla Cənubi Qafqazın mühüm geosiyasi məkanlarından biridir.
Bu ərazilərin bərpa olunan enerji resursları gələcəkdə regionun iqtisadi inkişafına, enerji təhlükəsizliyinə və ekoloji tarazlığın qorunmasına mühüm töhfə verə bilər.
Nəticə etibarilə, Azərbaycanın həyata keçirdiyi enerji siyasəti bərpa olunan enerji mənbələrinin inkişafını sürətləndirərək ölkəmizin gələcək iqtisadi modelində “yaşıl enerji”nin rolunu daha da artırır. Qərbi Azərbaycanın zəngin enerji potensialı isə bu strategiyanın mühüm tərkib hissəsi kimi regionun gələcək inkişafı üçün böyük imkanlar vəd edir.
Sevinc RZAYEVA
Naxçıvan Dövlət Universitetinin Elektroenergetika mühəndisliyi kafedrasının baş müəllimi.








