Şamaxı Dövlət Regional Kollecində “Pərdəarxası: Könüllülük” təlimi keçirilib -

Şamaxı Dövlət Regional Kollecində “Pərdəarxası: Könüllülük” təlimi keçirilib - FOTO

22 May 2026

Şamaxı Dövlət Regional Kollecində gənclərin ictimai fəallığının artırılması və könüllülük hərəkatının təbliği məqsədilə “Pərdəarxası: Könüllülük” adlı maarifləndirici təlim təşkil olunub. “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin təşəbbüsü və Şamaxı Dövlət Regional Kollecinin dəstəyi ilə baş tutan ödənişsiz layihədə kollecin rəhbərliyi, müəllim-tələbə heyəti və ictimaiyyət nümayəndələri iştirak ediblər.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumatverir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Giriş sözü ilə çıxış edən Şamaxı Dövlət Regional Kollecinin Tələbə-Gənclər Təşkilatının sədri Aytac Sadıqlı bu cür layihələrin gənclər üçün əhəmiyyətini vurğulayaraq, maarifləndirici təlimlərin tələbələrin şəxsi inkişafına, sosial fəallığının artırılmasına və onlarda könüllülük fəaliyyətinə marağın formalaşmasına mühüm töhfə verdiyini bildirib.

Daha sonra layihənin təlimçisi, “Vətən Bağı” Sosial Təşəbbüslər İctimai Birliyinin sədri Emin Tarverdiyev çıxış edərək, tədbirin yüksək səviyyədə təşkilinə görə kollec rəhbərliyinə təşəkkürünü ifadə edib. Çıxışı zamanı vətənpərvərlik dəyərlərinə xüsusi toxunan E.Tarverdiyev, Vətən uğrunda şəhid olan yaxın dostu Yunis Abbasovun xatirəsini anıb və onun övladı Nazlı Abbasovanın da hazırda bu kollecin tələbəsi olduğunu qürurla diqqətə çatdırıb. Natiq gənclərə vətənpərvərlik ruhunun və könüllülük fəaliyyətinin cəmiyyətdəki ali rolundan bəhs edib.

Təlim proqramı çərçivəsində iştirakçılara könüllülük fəaliyyətinin mahiyyəti, bu hərəkatın gənclərin fərdi və peşəkar inkişafındakı rolu, eləcə də bu sahədə mövcud imkanlar barədə ətraflı məlumat verilib. Eyni zamanda, dünya könüllülük hərəkatının təcrübəsi, Azərbaycandakı zəngin könüllülük ənənələri və “Vətən Bağı” könüllülərinin bu günədək həyata keçirdiyi uğurlu layihələr tələbələrin diqqətinə çatdırılıb.

Tədbirdə çıxış edən Vətən müharibəsi qazisi və “Vətən Bağı” könüllüsü Xəqani Muradov isə könüllülük fəaliyyətinin gənclərin bir şəxsiyyət kimi formalaşmasında əvəzsiz rol oynadığını qeyd edərək, tələbələri ölkənin ictimai və sosial həyatında daha fəal iştirak etməyə çağırıb.

İnteraktiv formatda davam edən görüşün sonunda tələbələri maraqlandıran suallar ətraflı cavablandırılıb. Tədbirin yekununda hərbi jurnalist Səxavət Məmmədin müəllifi olduğu “Savaş və Duman” kitabları Şamaxı Dövlət Regional Kollecinin kitabxanasına hədiyyə edilib.