Sədərək rayonunun yaradılmasının 36-cı ildönümü qeyd olunur - FOTO
Bu gün qədim və zəngin tarixə, özünəməxsus milli-mənəvi dəyərlərə malik Sədərək rayonunun yaradılmasının 36-cı ildönümü qeyd olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Sədərək rayonu 28 avqust 1990-cı ildə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə Şərur rayonunun tərkibindən ayrılaraq müstəqil inzibati ərazi vahidi kimi yaradılıb. Rayonun yaradılmasında sərhəd bölgəsinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi və strateji əhəmiyyətli ərazinin müdafiəsinin gücləndirilməsi əsas məqsədlərdən olub.
Sədərək Azərbaycanın ən qədim yaşayış məskənlərindən biri hesab olunur. Rayon ərazisində aparılan arxeoloji tədqiqatlar burada Eneolit və İlk Tunc dövrlərinə, yəni e.ə. VI–III minilliklərə aid maddi-mədəniyyət nümunələrinin mövcudluğunu ortaya qoyub. Ərazidə Sədərək qalası, Qırmızıtəpə yaşayış yeri, Ağoğlan türbəsi, Sədərək məscidi, Çapacaq kurqanı və digər tarixi abidələr yerləşir.
Rayonun müasir tarixində Sədərəyin müdafiəsi xüsusi yer tutur. 1990-cı ilin iyulunda ulu öndər Heydər Əliyevin Sədərəyə səfəri və burada əhali ilə görüşməsi rayon sakinlərinin mübarizə əzminə böyük mənəvi dəstək verib. Sonrakı illərdə Sədərək ağır döyüşlərin getdiyi və sakinlərinin qəhrəmanlıq göstərdiyi sərhəd bölgələrindən biri olub.
Bu gün Sədərək rayonu Türkiyə ilə Azərbaycanın quru sərhədinin Naxçıvandakı mühüm hissəsini təşkil edir. Rayonun inzibati mərkəzi Heydərabad qəsəbəsidir. Hazırda burada 4 kənd və 1 qəsəbə yerləşir. Rayon əsasən kənd təsərrüfatı istiqamətində ixtisaslaşıb.
Son 36 il ərzində Sədərəkdə sosial-iqtisadi infrastrukturun inkişafı, təhsil, səhiyyə, mədəniyyət və abadlıq sahələrində müxtəlif layihələr həyata keçirilib. Hazırda rayonda ümumtəhsil məktəbləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələri, kitabxanalar, klub və mədəniyyət müəssisələri, muzey, musiqi məktəbi və səhiyyə obyektləri fəaliyyət göstərir.
Əlamətdar gün münasibətilə Sədərək rayonunun sakinlərini təbrik edir, hər bir ailəyə möhkəm cansağlığı, əmin-amanlıq, rifah və firavanlıq arzulayırıq.
İnanırıq ki, dövlətimizin diqqət və qayğısı ilə Sədərək rayonu bundan sonra da inkişaf edəcək, sərhəd bölgəsinin sosial-iqtisadi potensialının artırılması istiqamətində qarşıya qoyulan məqsədlər uğurla həyata keçiriləcək.












