Sədərəkdə şəhid Rüfət Gözəlovun xatirəsinə həsr olunmuş voleybol turniri keçirilib -

Sədərəkdə şəhid Rüfət Gözəlovun xatirəsinə həsr olunmuş voleybol turniri keçirilib - FOTO

16 Mart 2025

Sədərək Rayon Təhsil Şöbəsi və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sədərək rayonunun Dəmirçi kənd tam orta məktəbində Vətən müharibəsi şəhidi Rüfət Əzim oğlu Gözəlovun xatirəsinə həsr olunmuş voleybol turniri keçirilib. Yarışda Uşaq-Gənclər İdman Məktəbinin qızlardan ibarət voleybol komandaları iştirak edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, turnirin nəticələrinə əsasən, Dəmirçi kənd tam orta məktəbinin şagirdləri birinci yerə layiq görülüblər. 1 nömrəli tam orta məktəbin komandası ikinci, 2 nömrəli tam orta məktəbin komandası isə üçüncü yerin sahibi olub.

Mükafatlandırma mərasimində əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra çıxış edənlər Rüfət Gözəlovun vətənpərvərliyindən, döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıblar. Şəhidin əmisi Rüfət Gözəlovla bağlı xatirələrini bölüşərək turnirin təşkilatçılarına təşəkkür edib.

Sonda qalib komandalar kubok, diplom və medallarla təltif olunublar.