Şuşa Müalicə-Sağlamlıq Mərkəzi 6 korpusdan ibarətdir

Şuşa Müalicə-Sağlamlıq Mərkəzi 6 korpusdan ibarətdir

29 Mart 2025

Şuşa Müalicə-Sağlamlıq Mərkəzi 90 çarpayılıqdır və 6 korpusdan ibarətdir

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə media nümayəndələrinə Şuşa Şəhəri Dövlət Qoruğunun icraçı direktorunun müavini Vüqar Məhərrəmov məlumat verib.

Qoruq rəsmisi xatırladıb ki, təməli 2021-ci il noyabrın 7-də Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə qoyulan bu tibb ocağının stasionar xidmət sahəsində terapiya, pediatriya, cərrahiyyə, hemodializ və digər şöbələr fəaliyyət göstərəcək.

Qeyd olunub ki, ambulator xidmət sahəsində isə konsultativ poliklinika, uşaq poliklinikası, şüa-diaqnostika, funksional diaqnostika, fizioterapiya və tibbi bərpa şöbələri, həmçinin klinik diaqnostik laboratoriya yaradılacaq.

Mərkəzin Təcili Tibbi Yardım Stansiyası müasir standartlara cavab verən avadanlıqla təchiz olunacaq.

Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin ərazisində eyni zamanda Gigiyena və Epidemiologiya Mərkəzi, yoluxucu xəstəliklər və hemodializ korpusları inşa olunub.

V. Məhərrəmov da qeyd edib ki, mərkəz Şuşa şəhər sakinləri ilə yanaşı, buraya səfər edən şəxslərində sağlamlığının keşiyində duracaq.

Xatırladaq ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva martın 27-də Şuşa Müalicə-Sağlamlıq Mərkəzində aparılan tikinti işləri ilə tanış olublar.