Ulu öndər Heydər Əliyevin arxivdə qorunan nadir sənədləri tələbələrə nümayiş etdirilib -

Ulu öndər Heydər Əliyevin arxivdə qorunan nadir sənədləri tələbələrə nümayiş etdirilib - FOTO

08 May 2026

Mayın 8-də Naxçıvan Muxtar Respublikası Dövlət Arxiv İdarəsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin və Vətən uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Daha sonra idarənin rəisi Mehman Məmmədov çıxış edərək Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin inkişafı və milli-mənəvi dəyərlərin qorunması istiqamətində gördüyü misilsiz xidmətlərdən danışıb. Bildirilib ki, Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün uğurla davam etdirilir və onun zəngin dövlətçilik irsi xalqımız üçün mühüm örnəkdir.

Tədbirdə Sədərək Rayon Dövlət Arxivinin müdiri Mahir Ələkbərov, Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşları Hində Tağızadə və Rəfael Sadiqov çıxış edərək Ümummilli Liderin həyat və fəaliyyətindən, Azərbaycan tarixindəki müstəsna rolundan bəhs edərək onun ideyalarının daim yaşayacağını vurğulayıblar.

Sonda Heydər Əliyevin Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində mühafizə olunan fotoşəkilləri əsasında hazırlanmış videoçarx nümayiş etdirilib.

Tədbirdən sonra Naxçıvan Muxtar Respublikası Dövlət Arxivində istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Universitetinin tələbələrinə Ulu Öndərin burada mühafizə olunan sənədləri nümayiş etdirilib. Naxçıvan Muxtar Respublikası Dövlət Arxivinin əməkdaşı Zülfiyə İsmayılova tərəfindən həmin sənədlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, sənədlər arasında Ulu Öndərin pedaqoji texnikumda təhsil aldığı dövrlər, eləcə də Naxçıvan Dövlət Arxivində əmək fəaliyyətini əks etdirən mühüm materiallar yer alır. Tələbələr bu sənədlərlə yaxından tanış olaraq onların tarixi əhəmiyyəti barədə məlumat əldə ediblər.