Uzunömürlü ailə ilə gənclərin görüşü olub -

Uzunömürlü ailə ilə gənclərin görüşü olub - FOTO

27 Noyabr 2024

Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi ilə əlaqədar "Təbliğat-100" layihəsi çərçivəsində ailə məsələləri ilə bağlı təbliğat və maarifləndirmə tədbirləri davam etdirilir. Növbəti dəfə “Yüzilliyin nümunəvi ailələrini tanıyaq” layihəsi çərçivəsində Şərur rayonunun Məmmədsabir kəndində uzunömürlü, nümunəvi Həsənovlar ailəsi ilə gənclərin görüşü keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşları, “Ailə könüllüləri” nümunəvi ailənin üzvləri, 71 ildir evli olan Həsənəov Əziz Ələkbər oğlu və Həsənova Zeynəb Əsgər qızının qonağı olublar.

Uzunömürlü ailə ilə görüşdə Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Könül Babayeva və Şərur Rayon İcra Hakimiyyətinin əməkdaşı Kamal İsmayılov nümunəvi ailələrin gənc nəsil arasında təbliğinin əhəmiyyətindən, Həsənovlar ailəsinin timsalında ailə dəyərlərimizin qorunub saxlanılmasından və gələcək nəsillərə ötürülməsindən danışıblar. Bildirilib ki, evliliklərinin 71 ili tamam olan uzunömürlü ailə başçısı Əziz Həsənov ailəsinin qayğısına qalaraq 7 övlad böyüdüb, 13 nəvə, 12 nəticə sahibidir. Onun ömür-gün yoldaşı Zeynəb Həsənova qayğıkeş ana olmaqla gələcəyin vətənpərvər övladlarını yetişdirib.

Uzunömürlü ailənin üzvləri, Şərur rayonunun Məmmədsabir kəndində yaşayan, evliliklərinin 71 ili tamam olan Əziz Həsənov və Zeynəb Həsənova bir ailənin 70 ildən artıq müddətdə möhkəm təməllər üzərində qurulmasında milli dəyərlərimizin, qarşılıqlı hörmət və ehtiramın oynadığı roldan danışıb, gənclərə xoşbəxt ailə həyatı ilə bağlı nəsihətlər veriblər.

Tədbirin sonunda Komitə tərəfindən Həsənovlar ailəsinə hədiyyə təqdim edilib.