
Uzunömürlü nümunəvi ailələrlə görüşlər davam edir - FOTO
"Ailələrimizi tanıyaq” layihəsi çərçivəsində Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən muxtar respublika üzrə uzunömürlü və nümunəvi ailələrlə görüşlər davam etdirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, növbəti belə görüş Kəngərli rayonunun Qarabağlar kəndində, 66 illik ailə həyatı yaşayan Qasımovlar ailəsində keçirilib. Görüşdə Dövlət Komitəsinin və Kəngərli Rayon İcra Hakimiyyətinin nümayəndələri, eləcə də “Ailə Könüllüsü” iştirak ediblər.
Tədbirdə çıxış edən Komitənin şöbə müdiri Könül Babayeva və rayon icra hakimiyyətinin nümayəndəsi Həvva Əsədova uzunömürlü ailələrin gənc nəslə örnək olduğunu vurğulayaraq, bu cür ailələrin ailə dəyərlərinin qorunmasında mühüm rol oynadığını bildiriblər.
Qasımovlar ailəsinin başçısı Qasım Qasımov və həyat yoldaşı Gülxanım Qasımova 6 övlad, 17 nəvə və 23 nəticə sahibi olan böyük bir ailənin əsasını qoyublar. Onlar uzun və xoşbəxt ailə həyatının təməlində qarşılıqlı hörmət, səbr və milli dəyərlərə sadiqliyin dayandığını qeyd edərək, gənc nəslə ailə həyatı ilə bağlı tövsiyələrini bölüşüblər.
Görüşün sonunda Dövlət Komitəsi tərəfindən Qasımovlar ailəsinə hədiyyə və gül buketi təqdim olunub.