Vergi orqanlarına daxil olmuş inzibati şikayətlərin sayı açıqlanıb
2025-ci ildə yuxarı vergi orqanlarına 9 952 faktiki inzibati şikayət daxil olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin ötənilki fəaliyyətinə dair illik hesabatda bildirilir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 39,1 % çoxdur.
Hesabat dövründə, dəqiqləşdirilmiş bəyannamə və ya təsdiqedici sənədlər əsasında müsbət həll olunmuş şikayətlərin sayı 49,3 % artaraq 5 531-ə, barəsində qərar qəbul edilmiş faktiki inzibati şikayətlər isə 43,7 % artaraq 4 158-ə çatıb.
Müsbət həll olunmuş faktiki şikayətlərin xüsusi çəkisi 58,9% təşkil edib. Bu göstərici həm inzibati şikayətin təmin edilməsi haqqında qərarları, həm də vergi orqanı tərəfindən dəqiqləşdirilmiş bəyannamə və ya təsdiqedici sənədlər əsasında nəzərə alınmış bəyannamələrə görə icra edilmiş müraciətləri əhatə edir.
Ötən il inizbati şikayətlərin 94 %-i kameral vergi yoxlaması ilə bağlı, 0,3 %-i səyyar vergi yoxlaması ilə bağlı, 1,7 %-i operativ vergi nəzarəti ilə bağlı, 4 %-i isə digərləri ilə bağlı olub.
Bu dövrdə barəsində qərar qəbul olunmuş inzibati şikayətlərin 67,6%-i inzibati şikayətin baxılmamış saxlanılması, 20,4%-i inzibati şikayətin təmin edilməməsi, 6,7% -i inzibati şikayətin təmin edilməsi, 3,3%-i inzibati şikayətin qismən təmin edilməsi və 2 %-i inzibati şikayət üzrə icraata xitam verilməsi ilə bağlı olub.








